SSRİ xalq artisti Fatma Qədrinin anım mərasimi keçiriləcək
- 13 aprel, 2017
- 13:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 aprel. REPORT.AZ/ Akademik Milli Dram Teatrının kollektivi və teatr xadimləri aprelin 14-də SSRİ xalq artisti Fatma Qədrinin məzarını ziyarət edəcək.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, saat 12:00-da başlayacaq anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq.
Xatirə tədbirində F.Qədrinin Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışılacaq, onun Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı obrazlar qalereyasına nəzər salınacaq.
Qeyd edək ki, Azərbaycan teatr səhnəsinin ilk peşəkar aktrisalarından olan F.Qədri 1907-ci ilin aprelin 14-də Qərbi Rusiyanın Odessa şəhərində doğulub.
Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən F.Qədiri Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu alıb. O, səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb, burada Nübar ("Cancur Səməd", M.Əfəndiyev; J.B.Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə.Hamid), Oa-Şen ("Çin tanrısı", F.Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C.Cabbarlı), Xumar ("Şeyx Sənan", H.Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V.Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə) kimi səhnə obrazları yaradıb.
1932-1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olub, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləyib. Əsas rolları: Maşa ("Dubrovski", A.S.Puşkin), Xuraman ("Vaqif", S.Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U.Şekspir), Luiza ("Məkr və məhəbbət", F.Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A.Ostrovski), Polina ("Ögey ana", O.Balzak), Gültəkin ("Aydın", C.Cabbarlı), Məhəbbət ("Məhəbbət", M.İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərib.
F.Qədri 1968-ci ildə 60 yaşında Bakıda vəfat edib.