Rəşad Əzizov: Zəfər mövzusuna həsr olunan filmlər olmalıdır, bu, cəmiyyətin gözləntilərinə uyğundur
- 10 oktyabr, 2025
- 15:49

Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun zəfərinə həsr edilən filmlər olmalıdır və bu, cəmiyyətin gözləntilərinə uyğundur.
Bunu "Report"a müsahibəsində Kino Agentliyin Baş direktoru Rəşad Əzizov deyib.
Onun sözlərinə görə, Kino Agentliyi tərəfindən dəstəklənmiş 19 film layihəsi məhz Qarabağ mövzusuna həsr olunub.
"Ümumilikdə götürdükdə isə, hazırda bu mövzunu əks etdirən bir neçə film müxtəlif istehsalat mərhələsindədir. Yaxın zamanda geniş ictimaiyətə təqdimatları gözlənilir. Bildiyiniz kimi, Kino Agentliyi birbaşa film istehsalatı ilə məşğul olmasa belə, zəfərimizə həsr olunan və çəkilməsi planlaşdırılan filmlərə hər zaman dəstək göstərməyə hazırdır".
Baş direktor onu da vurğulayıb ki, 44 günlük Vətən müharibəsinə həsr olunan "44" tammetrajlı bədii filmi və "Borc" tammetrajlı bədii filminin çəkilişləri artıq bitib, layihə tamamlanma mərhələsindədir.
Rəşad Əzizov 2023-2025-ci illər ərzində Azərbaycanda sənaye sahəsi kimi film istehsalının fəallaşması nəticəsində istehsalda olan filmlərin ərsəyə gəlməsi üçün təxminən 1570 iş yeri açıldığını qeyd edib.
"2026-cı ildə isə istehsalı proqnozlaşdırılan film layihələrinin ərsəyə gəlməsi üçün 800 yeni iş yerinin açılması nəzərdə tutulur".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.