Xocalı sakini: Şəxsi təsərrüfatımızı qurmaq üçün bizə 21 baş qoyun verilib

Sosial müdafiə
  • 03 noyabr, 2026
  • 15:21
Xocalı sakini: Şəxsi təsərrüfatımızı qurmaq üçün bizə 21 baş qoyun verilib

Şəxsi təsərrüfatın qurulması üçün Xocalıya qayıdan ailəyə 21 baş qoyun verilib.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, özünüməşğulluq proqramına qoşulan rayonun Ballıca kənd sakini Aysel Əliyeva Dövlət Məşğulluq Agentliyi tərəfindən qoyunçuluq təsərrüfatı ilə təmin edilib.

A.Əliyeva deyib ki, bundan sonra əsas niyyətləri yaratdıqları qoyunçuluq təsərrüfatını genişləndirməkdir:

"Dövlət Məşğulluq Agentliyinə müraciətimizdən sonra həyətyanı sahəmizə baxış keçirildi və təsərrüfatımızı yaratmaq üçün bizə 21 baş qoyun verildi. Əsas məqsədimiz təsərrüfatımızı böyüdüb genişləndirməkdir. Bunun üçün zəruri təbii şəraitimiz, otlaq sahələrimiz var. İlkin mərhələdə bizə heyvanlarla yanaşı, 800 kiloqram yem də verilib. Bu isə bizə heyvanlara əlavə yem ehtiyatı toplamaq üçün ciddi dəstəkdir".

Özünüməşğulluq proqramı çərçivəsində arıçılıq təsərrüfatı ilə təmin edilən Ballıca kəndinin digər sakini Eyvaz Əliyev ona verilən aktivlərdən razılığını bildirib:

"Doğma yurda qayıdana qədər məskunlaşdığımız Oğuz rayonunda arıçılıqla məşğul olmuşuq. Öz kəndimizə qayıtdıqdan sonra təsərrüfatımızı qurmaq barəsində düşünürdük. Özüm hələ müraciət etmədən Xankəndidəki məşğulluq şöbəsindən mənimlə əlaqə saxlayıb dəstək olacaqlarını bildirdilər. Özünüməşğulluq proqramı əsasında mənə verilən arıların keyfiyyətindən, məhsuldarlığından razıyam. İndi əsas niyyətimiz başladığımız işi genişləndirmək, bol məhsul əldə etməkdir".