Əminə Məlikova: Azərbaycan Xalça Muzeyi ziyarətçilərlə ənənəvi incəsənət vasitəsilə dialoq qurur

İncəsənət
  • 28 oktyabr, 2026
  • 16:00
Əminə Məlikova: Azərbaycan Xalça Muzeyi ziyarətçilərlə ənənəvi incəsənət vasitəsilə dialoq qurur

Müasir muzeylər ziyarətçilərlə hər kəsə anlaşılan dildə dialoq qurmalıdır və Azərbaycan Milli Xalça Muzeyi üçün belə bir dil ənənəvi incəsənətdir.

"Report" xəbər verir ki, bu barədə Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Muzeylər və irs obyektləri mədəniyyətlərarası dialoq məkanı kimi" adlı sessiyada bildirib.

"Biz dialoqu ənənəvi incəsənətin, xalçanın dilində qurmağa adət etmişik. Azərbaycanda biz tez-tez deyirik ki, hər bir ornamentdə xüsusi bir kod, əcdadlarımızın mesajını özündə cəmləşdirən bir növ əlifba şifrələnib", - o bildirib.

Ə.Məlikovanın sözlərinə görə, informasiya bolluğu şəraitində ənənəvi incəsənət gündəlik həyatda insanları düşündürən bir çox suallara cavab tapmağa kömək edir.

O qeyd edib ki, müasir muzeylər müxtəlif nəsillərin və ziyarətçilərin gözləntilərini nəzərə almalıdır: "Biz hər kəs üçün anlaşılan eyni dildə danışmalıyıq. Bizim üçün bu, ornamentlər dili, ənənəvi incəsənət dili və bu gün xüsusi əhəmiyyət kəsb edən emosiyalar dilidir".

Ə.Məlikova əlavə edib ki, xalçalar informasiya daşıyıcıları və yaddaş qoruyucularıdır.

Onun sözlərinə görə, Milli Xalça Muzeyi ziyarətçilərlə məhz ənənəvi incəsənət vasitəsilə ünsiyyət qurmağa çalışır və bu yanaşmanı uğurla inkişaf etdirir.

Ə.Məlikova həmçinin xatırladıb ki, Azərbaycanda Milli Xalça Muzeyi dünyada xalça sənətinə həsr olunmuş ilk muzey olub.

44 filmi