ÜGT-nin baş katibi Azərbaycan gömrüyündə rəqəmsal islahatları yüksək qiymətləndirib
- 13 iyul, 2026
- 13:43
Azərbaycan gömrük xidmətində aparılan rəqəmsal transformasiya prosesi, süni intellektə əsaslanan innovativ həllər və müasir texnoloji layihələr böyük maraq doğurur.
"Report" xəbər verir ki, bunu Azərbaycanda ilk dəfə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Ian Saunders Dövlət Gömrük Komitəsində (DGK) təşkil edilən brifinq zamanı bildirib.
ÜGT-nin baş katibi qeyd edib ki, Azərbaycana səfəri ərzində ona gömrük xidmətində reallaşdırılan rəqəmsal islahatlar, müasir idarəetmə mexanizmləri və yenilikçi layihələr barədə xüsusi təqdimatlar vasitəsilə geniş məlumat təqdim olunub.
"Dövlət Gömrük Komitəsində baş tutan görüşdə ÜGT ilə Azərbaycan gömrük xidməti arasındakı uzunmüddətli və nəticəyönümlü əməkdaşlıqdan razılıq ifadə edildi, qarşılıqlı əlaqələrin gələcək inkişaf istiqamətləri müzakirə olundu. Səfər çərçivəsində Hədəf Mərkəzinin fəaliyyəti və Gömrük Tarixi Muzeyi ilə yaxından tanış oldum. Bundan əlavə, gömrük əməkdaşları ilə keçirilən görüşdə gömrük sahəsində tətbiq edilən yeni yanaşmalar, müasir dövrün çağırışları, həmçinin ÜGT-nin bu sahədə gördüyü işlər və gələcək hədəfləri haqqında fikirlərimi paylaşdım", - deyə I. Saunders bildirib.
Onun sözlərinə görə, Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasındakı tərəfdaşlıq uzun illər ərzində müvəffəqiyyətlə davam etdirilir və hazırda da yüksək inkişaf dinamikasını qoruyur.
"Azərbaycan ÜGT-nin ən əhəmiyyətli işçi və idarəetmə strukturlarında fəal rol oynayaraq beynəlxalq gömrük ictimaiyyətinə öz mövqeyini, təcrübəsini və təkliflərini təqdim edir. Ölkə yalnız idarəetmə müstəvisində deyil, eyni zamanda praktiki istiqamətdə də əhəmiyyətli töhfələr verir. Azərbaycan ÜGT ekspertlərinin akkreditasiyası yolu ilə peşəkar potensialını artırır. Həmin ekspertlər digər üzv dövlətlərdə həyata keçirilən tətbiqi və institusional dəstək proqramlarında fəal iştirak edirlər. Bu da Azərbaycanın beynəlxalq gömrük əməkdaşlığına verdiyi mühüm töhfələrdən hesab olunur".
İ. Saunders vurğulayıb ki, Azərbaycan son dövrdə digər dövlətlərin gömrük administrasiyalarının institusional imkanlarının möhkəmləndirilməsi istiqamətində ÜGT-yə maliyyə yardımı da göstərir:
"Azərbaycan işçi orqanlarında öz təcrübəsini paylaşır, təşkilatın idarəetmə proseslərinə dəstək verir və maliyyə köməyi göstərir. Bunun nəticəsində ölkənin qazandığı təcrübə və biliklər beynəlxalq gömrük ictimaiyyəti arasında daha geniş şəkildə yayılır. Bu, həqiqətən çox möhkəm əməkdaşlıq nümunəsidir".