Türkmənistan səfiri: "Xəzərin dibi ilə kabel çəkilməsi üçün ekspertlər səviyyəsində iş gedir"
- 18 iyun, 2025
- 10:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi üçün texniki-iqtisadi əsaslandırmanın yaradılması üzrə ekspertlər səviyyəsində işlər aparılır.
“Report” xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov "iki ölkə arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, bu layihənin əsasını iki ölkənin aparıcı telekommunikasiya şirkətləri - “AzerTelecom” MMC və “Turkmentelecom” arasında Xəzərin dibi ilə fiber-optik rabitə xətlətinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında Anlaşma Memorandumu təşkil edir: “Bu sahə həm də Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiyada rəqəmsal xidmətlərin yaradılması üçün böyük əhəmiyyət kəsb edir”.
Səfir qeyri-neft-qaz sektorunda əməkdaşlıqdan da danışaraq vurğulayıb ki, Azərbaycan ilə Türkmənistan arasında ticarət-iqtisadi əlaqələrin böyük perspektivləri var: “İki ölkə arasında qeyri-neft əməkdaşlıq sahəsini nəzərə almasaq belə, ticarət dövriyyəsi ildən-ilə artır. Bu da sıx iqtisadi əməkdaşlıq göstəricisi sayıla bilər. Bununla belə, ölkələrimizin böyük potensialını nəzərə alaraq kiçik və orta biznes sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək, tərəfdaşlığın yeni perspektiv sahələrini tapmaq, qarşılıqlı investisiya layihələrini qiymətləndirmək, bir-birimiz üçün biznes forumlar və beynəlxalq sərgilər təşkil etmək lazımdır, bu da, əminəm ki, ticarət-iqtisadi əməkdaşlığın intensivləşməsinə, biznes əlaqələrinin genişləndirilməsi perspektivlərinə töhfə verəcək”.