"Tony Blair Institute for Global Change" məlumat idarəçiliyi ilə bağlı tövsiyələrlə çıxış edib
- 05 noyabr, 2025
- 12:02
Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri məlumat idarəçiliyi ilə bağlı aydın qayda və prioritetlər təyin etməlidir.
"Report" xəbər verir ki, bunu "Tony Blair Institute for Global Change"in Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə regional rəhbəri Zixin Lin Bakıda keçirilən "StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu 2025" tədbirinin II günündə bildirib.
Onun sözlərinə görə, bu, böyük texnologiya şirkətlərin etimad münasibətləri üçün çox vacib bir təməl formalaşdırır:
"Düşünürəm ki, suverenlik və nəzarət iki fərqli anlayışlardır. Bölgədə suverenlikdən danışarkən, tam nəzarət haqqında düşünə bilmərik. Avrasiya ölkələrinin böyük texnologiya şirkətləri ilə necə əməkdaşlıq etmək istədiklərinin şərtlərini müəyyənləşdirməkdə böyük potensialı var. Bazara giriş şərtlərini razılaşdırarkən, hər bir ölkənin arzu etdiyi suverenlik prinsipləri və prioritetləri üçün bir çox fayda və nəticələr əldə edilə bilər".
Qonaq əlavə edib ki, bilik və texnologiya transferi çox vacib aspektdir: "Tez-tez ölkələrin müəyyən nəzarəti saxlamağa çalışdığı əsas strateji istiqamətdən biri məlumatların idarəçiliyidir. Əslində, məlumatları bir neçə təbəqəyə və təsnifata bölə bilərik. Birinci kateqoriyaya tam nəzarəti saxlamaq istədiyiniz seçki, təhlükəsizlik məlumatları daxildir. Bununla belə digər kateqoriyadakı enerji, maliyyə, təhsil, səhiyyə məlumatlarına yanaşmada müəyyən liberallaşdırmaya gedilə bilər".