Steffi Stallmeister: "Azərbaycanda kişi və qadınlar arasında rəqəmsal savadlılıqda 5 %-lik fərq qalmaqdadır"
- 05 noyabr, 2025
- 17:52
Azərbaycanda kişi və qadınlar arasında internetdən istifadədə 7 %, rəqəmsal savadlılıqda isə 5 % fərq qalmaqdadır.
"Report" xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Steffi Stallmeister Bakıda keçirilən "StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu 2025" tədbirinin ikinci günündə bildirib.
"Bu da göstərir ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da müəyyən rəqəmsal bölünmə və boşluq müşahidə olunur. Bu, təkcə Azərbaycan hökumətinin deyil, qlobal miqyasda bir çox dövlətlərin qarşılaşdığı çağırışlardan biridir", - S. Stallmeister qeyd edib.
Onun sözlərinə görə, son beş ildə Azərbaycanda rəqəmsal inkişaf, internetə çıxış imkanları və əhalinin rəqəmsal bacarıqları nəzərəçarpacaq dərəcədə artıb: "Artıq bir çox qruplar arasında rəqəmsal bacarıqların artırılması istiqamətində hökumətin mühüm təşəbbüsləri mövcuddur".
S. Stallmeister əlavə edib ki, rəqəmsallaşma həm yeni, həm də mövcud iş yerlərinin yaradılmasına təkan verir:
"İnternetə çıxış imkanlarının yaxşılaşdırılması birbaşa ÜDM artımına təsir göstərir. Qiymətləndirmələrə görə, genişzolaqlı internetin yayılmasında 10 %-lik artım Avropa və Mərkəzi Asiya ölkələrində ÜDM-i 1,4-1,6 % artırır. Rəqəmsal transformasiya və savadlılıq bu baxımdan vacibdir. Bu, yalnız məktəblər və universitetlərlə məhdudlaşmamalı, ömürboyu öyrənmə imkanlarını da əhatə etməlidir".