“SOCAR Fiber” və “EXA Infrastructure” Türkiyənin rəqəmsal infrastrukturunun möhkəmləndirilməsinə dair razılığa gəlib
- 10 yanvar, 2025
- 08:10
Yeniliklərdən dərhal xəbərdar olun!
“SOCAR Fiber” telekommunikasiya şirkəti (“SOCAR Türkiye Enerji”nin törəmə müəssisəsi) Şimali Amerika və Avropanı Yaxın Şərq vasitəsilə Asiya ilə birləşdirən ixtisaslaşmış rəqəmsal infrastruktur platforması olan “EXA Infrastructure” ilə strateji əməkdaşlığa dair yeni saziş imzalayıb.
Bu barədə "Report" “SOCAR Fiber”in “Linkedin” sosial şəbəkəsindəki məlumatına istinadən xəbər verir.
"Saziş Türkiyənin Avropa, Asiya və Yaxın Şərq arasında məlumat ötürülməsi üçün əsas tranzit qovşağı kimi rolunun gücləndirilməsini nəzərdə tutur və “SOCAR Fiber”in “EXA Infrastructure”un qlobal şəbəkələrinə qoşulmasına imkan verəcək. Razılaşmaya əsasən, “EXA Infrastructure” “SOCAR Fiber”in fiber-optik infrastrukturunu qlobal data mərkəzləri, bulud hesablamaları, məzmun və texnologiya operatorlarına satacaq", - məlumatda deyilir.
Bundan başqa, yeni saziş “EXA Infrastructure”a “SOCAR Fiber”in mövcud fiber-optik infrastrukturu vasitəsilə Türkiyənin Yunanıstan və Gürcüstanla sərhədləri arasındakı hissələrdə rabitə xidmətləri göstərməyə imkan verəcək. "Bu, regionda rəqəmsal əlaqəni əhəmiyyətli dərəcədə sürətləndirəcək və Türkiyənin qlobal rəqəmsal şəbəkələrdəki strateji əhəmiyyətini artıracaq", - şirkət qeyd edir.
Bildirilir ki, yeni tərəfdaşlıq Türkiyənin rəqəmsal transformasiyasını sürətləndirməklə yanaşı, həm də qlobal məlumat nəqlində aparıcı rol oynamasını təmin edəcək.
“SOCAR Fiber”in baş direktoru Kənan Məmmədov bu sazişin əhəmiyyətini vurğulayıb: "EXA Infrastructure” ilə bu əməkdaşlıq Türkiyənin strateji məlumat tranziti marşrutuna çevrilməsi ilə bağlı hədəfimizə uyğundur. Biz Türkiyənin Avropa, Yaxın Şərq və Asiya arasında daha qısa yerüstü marşrutlar təmin edərək qlobal rəqəmsal şəbəkələrdə önəmli yer tutmasına töhfə vermək istəyirik".
“EXA Infrastructure” şirkətinin strateji investisiyalar və məhsul idarəetməsi üzrə baş vitse-prezidenti Stiv Roberts bildirib ki, bu layihə Türkiyə daxilində yeni, etibarlı marşrutlar yaratmağa və Asiyadan qitələrarası trafik üçün alternativ marşrutları təmin etməyə imkan verəcək: "Marşrutun birinci hissəsi Gürcüstan sərhədindən keçərək Cənubi Qafqaz və Mərkəzi Asiya üzərindən məlumat trafikini təmin edəcək. Marşrutun ikinci hissəsi Yaxın Şərq trafiki üçün ənənvi Qırmızı dəniz marşrutuna alternativ olacaq və Türkiyənin İraqla sərhədini birləşdirəcək. TAP və Balkan regionuna yatırdığımız əvvəlki investisiyalarımızla birlikdə bu layihə Asiya və Avropanı birləşdirən ən müasir və etibarlı fiber-optik infrastrukturu təmin edəcək".
Xatırladaq ki, “SOCAR Fiber” və “EXA Infrastructure” 2024-cü ilin iyulunda ilk dəfə olaraq sualtı internet kabellərinin keçdiyi ənənəvi Qırmızı dəniz dəhlizinə alternativi təmin edəcək yeni yerüstü fiber-optik marşrutun hazırlanması üçün strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Yeni marşrut “SOCAR Fiber”in TANAP boru kəməri boyunca uzanan 1 850 km uzunluğunda fiber-optik kabelini və onun Körfəz regionu ilə əlaqə yaratmaq üçün İraq sərhədinə qədər davamını əhatə edəcək.
“SOCAR Fiber” 2013-cü ildən TANAP qaz kəməri marşrutu boyunca öz fiber-optik xətti üzərindən elektron kommunikasiya infrastrukturu xidmətləri göstərir. Türkiyənin şərqindən qərbinə qədər uzanan fiber-optik xətt ölkənin 20 əyaləti və 67 rayonundan keçir.