Rövşən Nəcəf: "İnsanlar süni intellektsiz də nəsə etməyi bacarmalıdır"
- 17 sentyabr, 2026
- 11:53
İnsanlar süni intellekt, avtomatlaşdırma və ya robototexnika olmadan da nəsə etməyi bacarmalıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Baku ID 2026" (Baku İnvestment Day) festivalında bildirib.
Onun sözlərinə görə, hazırda avtomatlaşdırma, robototexnika, süni intellekt sürətlə inkişaf edir: "Belə bir sual yaranır: bəs süni intellekt, robototexnika və ya avtomatlaşdırma olmadan görməli olduğumuz işləri necə görəcəyik? Demək, ənənəvi bacarıqlar hələ də aktuallığını qoruyur, çünki budan sonra nə baş verəcəyini bilmirik. Dövlət qurumlarının, yaxud şirkətlərin həmişə planları olur: A, B, C planları. Bu mənada düşünürəm ki, biz özümüzdə bu bacarıqları formalaşdırmalıyıq: vəziyyətdən asılı olaraq təfəkkürümüzü və düşüncə tərzimizi adaptasiya etmək və dəyişmək. İnsanlar həm süni intellekt və robototexnika ilə, həm də süni intellekt və robototexnika olmadan bu bacarıqlara yiyələnməli, dəyişən vəziyyətə uyğunlaşmağı bacarmalıdırlar".
R.Nəcəf qeyd edib ki, peşə məktəblərinə süni intellekt, robototexnikadan istifadə kimi bacarıqları əlavə edilməlidir: "Lakin ənənəvi bacarıqları da saxlamalıyıq. Eyni zamanda öyrətmək bacarığını da əlavə etməliyik. Mən bədbin görünmək istəmirəm, amma düşünürəm ki, biz süni intellekt, avtomatlaşdırma və ya robototexnika olmadan da nəsə etməyi bacarmalıyıq. Bizim təxminən 1 il, ya da 1,5 il əvvəl nazir Mikayıl Cabbarovla belə bir müzakirəmiz olmuşdu. Onun dostlarından biri demişdi ki, tarix boyu bəşəriyyət öz bacarıqlarını itirə-itirə gəlib. Biz ulduzlara baxıb yönümüzü müəyyən edə bilirdik. İndi bunu edə bilmirik. Biz tonqal qalamağı bacarırdıq, amma indi insanların böyük əksəriyyəti tonqal qalaya bilmir. İnsanlar otlar və ya təbii vasitələrlə müalicə etməyi, sağaltmağı bacarırdılar. Lakin indi bunu edə bilmirik. Əgər biz kritik mühakimə yürütmə, tənqidi düşünmə bacarığımızı da itirib hər şeyi süni intellektə həvalə etsək, bu, geri dönməz bir proses ola bilər. Çünki indiyə qədər unutduğumuz şeyləri yenidən öyrənə bilmirik".