Nazir müavini: "Süni intellektin tətbiqini genişləndirmək üçün ardıcıl tədbirlər həyata keçirilir"

İKT
  • 31 oktyabr, 2026
  • 15:54
Nazir müavini: Süni intellektin tətbiqini genişləndirmək üçün ardıcıl tədbirlər həyata keçirilir

Azərbaycanda süni intellektin tətbiqinin genişləndirilməsi sayəsində elmi tədqiqatların və ixtisaslı kadr potensialının gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startup School 4: Five Continents – 500 Startups" qlobal innovasiya proqramının yekun tədbiri – "Demo Day"də bildirib.

Onun sözlərinə görə, Azərbaycanın üstünlüklərindən biri, gənc və yeni texnologiyalara açıq insan resurslarıdır: "Bu günlərdə İspaniyanın nüfuzlu IE Universiteti ilə əməkdaşlıq çərçivəsində Bakıda açılışı olan Liderlik və İnnovasiya Mərkəzi ölkəmizin innovasiya ekosistemini inkişaf etdirməyə, beynəlxalq təcrübədən və qabaqçıl biliklərdən yerli transferə, eləcə də gələcək liderlərin və innovativ düşüncəyə malik mütəxəssislərin yetişdirilməsinə töhfə verəcək. Ömür boyu öyrənməni təmin etmək məqsədilə həyata keçirilən milli proqram vasitəsilə vətəndaşlara proqramlaşdırma, süni intellekt, məlumatların təhlili və sahibkarlıq üzrə ödənişsiz təlimlər keçirilir. Bununla yanaşı, Dünya İqtisadi Forumu ilə birgə həyata keçirilən Azərbaycan Bacarıqlar Akseleratoru dövlət, biznes və təhsil müəssisələrini bir araya gətirərək əmək bazarının gələcək tələblərinə uyğun bacarıqların formalaşmasına xidmət edir".

Nazir müavini qeyd edib ki, Azərbaycan startaplar üçün yalnız daxili bazar deyil, həm də daha geniş regionlara çıxış platformasıdır: "Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Körfəz bazarlarını birləşdirərək nəqliyyat və rəqəmsal bağlantı mərkəzinə çevrilir. Sabit makroiqtisadi mühit, investisiya təşviqi, suveren kredit reytinqi, ardıcıl islahatlar, yeni vergi təşviqləri və dövlətin innovasiya strategiyası ilə investorlar üçün proqnozlaşdırıla bilən bir mühit yaradılıb. Bu gün burada müxtəlif qitələrdən gələn startapların, investorların və mentorların bir araya gəlməsi təsadüfi deyil. Azərbaycan bilik, texnologiya və innovasiyalara əsaslanan iqtisadiyyata doğru irəliləyir və bu yolda startaplar yeni iqtisadiyyatımızı gücləndirəcəklər. Bu prosesdə dövlət, biznes və ekspertlər arasındakı tərəfdaşlıq həlledici rol oynamalıdır".

44 filmi