Nazir müavini: "İKT sahəsində Avropanın qabaqcıl həlləri tətbiq edilir"
- 05 iyun, 2018
- 11:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 iyun. REPORT.AZ/ "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq, ölkədə İKT üzrə müstəqil tənzimləyici qurumun yaradılması nəzərdə tutulur və bu sahədə işlər görülür".
"Report"un məlumatına görə, bunu Azərbaycan - Avropa İttifaqı biznes forumu çərçivəsində "İKT və e-kommersiya" adlı paneldə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, bu sahədə Avropanın təcrübəsi əsas olaraq götürülüb.
Nazir müavini İKT sahəsində Avropa ilə əməkdaşlığa toxunaraq bildirib ki, bu əməkdaşlıq güclüdür, hər iki tərəf təcrübə mübadiləsi aparır, Avropanın qabaqcıl həlləri tətbiq edilir.
"İKT enerji sahəsindən sonra ikinci ən böyük sektordur. Ölkə əhalisinin 79%-nin internetə çıxışı var, 77.2% ev təsərrüfatı internetlə təmin olunub. Azərbaycanda rəqəmsal televiziyaya keçid təmin olunub, hazırda da rəqəmsal radio yayımı ilə bağlı hazırlıqlar davam edir. Bundan başqa, bu il ikinci peyk fəzaya buraxılacaq. Bu nailiyyətlər müxtəlif təşkilatların hesabatlarında öz əksini tapıb. Məsələn, BMT-nin elektron hökümətin tətbiqi ilə bağlı hesabatında Azərbaycan 195 ölkə arasında 56-cı yeri tutub", - deyə nazir müavini vurğulayıb.
Bununla belə, E.Vəlizadə bildirib ki, bu sahədə görüləsi işlər çoxdur. Bu müstəvidə o, ölkədə genişzolaqlı internetin təmin edilməsi məsələsini qeyd edib və bildirib ki, bu istiqamətdə müvafiq layihələr nəzərdə tutulur.