Nazir: "Əsas məqsəd texnoloji dəyişikliklərə dair imkanları yüksək səriştə ilə qəbul etməkdir"
- 17 sentyabr, 2026
- 11:33
Yeniliklərdən dərhal xəbərdar olun!
2030-cu ilə qədər Azərbaycanın əsas məqsədi texnoloji dəyişikliklərin gətirdiyi imkanları yüksək səriştə ilə qəbul və istifadə edən tərəf olmaqdır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Baku ID" (Baku İnvestment Day) festivalında bildirib.
O bildirib ki, savadlılığın yeni tərifi texnologiya və xüsusilə süni intellektlə sıx bağlıdır: "Dünyada bu texnologiyanı yaradanlar və onu qəbul edənlər var".
M.Cabbarov əmək bazarındakı dəyişikliklərlə bağlı proqnozlara da toxunub: "Yaxın 4 il ərzində yalnız insan müdaxiləsi ilə həyata keçirilən iş yerlərinin 50 % azalacağı, insan və texnologiyanın birləşdiyi iş yerlərinin sayının isə 50 % artacağı gözlənilir. Tamamilə avtomatlaşdırılmış işlər isə bazaya nisbətən 4 % artacaq. Bu, onu göstərir ki, istedad dedikdə artıq yalnız klassik oxuma, yazma və riyaziyyat bacarıqları nəzərdə tutulmur, rəqabətədavamlılıq üçün rəqəmsal üstünlüklər şərt hesab edilir".
Nazir vurğulayıb ki, Azərbaycan inkişafın zəruri makroiqtisadi və makromaliyyə sabitliyi mərhələsini uğurla tamamlayıb:
"Müstəqilliyin bərpasından sonra regionumuzun ilk dəfə münaqişələrdən azad olması, Cənubi Qafqaz və Mərkəzi Asiyanın artan kapitallaşması və qlobal böhranlar fonunda ölkəmizin güclü davamlılığı bizə keyfiyyət üstünlüklərimizdən yararlanmaq imkanı verir. Hökumət də özəl sektora diqqəti artıraraq dəstəkləyici siyasətlər həyata keçirməyə davam edir".