KPMG: Qlobal şirkətlər üçün ən böyük risklərdən biri kibertəhdidlərdir

İKT
  • 18 noyabr, 2026
  • 10:39
KPMG: Qlobal şirkətlər üçün ən böyük risklərdən biri kibertəhdidlərdir

Dünyanın aparıcı şirkətlərinin rəhbərləri qarşıdakı üç il ərzində biznesin inkişafı üçün əsas təhdidlərdən biri kimi kiberhücumları qiymətləndirirlər.

KPMG-nin 2026-cı il üzrə Global CEO Outlook hesabatına əsasən, sorğuda iştirak edən 1 400 baş icraçı direktorun (CEO) 31 %-i kibertəhlükəsizlik və məlumatların qorunması məsələlərini biznesin inkişafına mane olan əsas amil kimi göstərib. Hesabata görə, iqtisadi qeyri-müəyyənlik (28 %), geosiyasi qeyri-sabitlik və tənzimləyici tələblərin sərtləşməsi (hər biri 26 %) də əsas risklər sırasında yer alıb.

Sorğuda iştirak edən rəhbərlərin təxminən yarısı – 45 %-i kibertəhlükəsizlik və rəqəmsal risklərə qarşı dayanıqlılığın artırılması üçün investisiyaları artırdıqlarını bildirib.

Süni intellektə investisiyalar artır, lakin etik məsələlər onun tətbiqində əsas maneə olaraq qalır

Rəhbərlərin 79 %-i iqtisadi qeyri-müəyyənliyin davam etməsinə baxmayaraq, süni intellekti (Sİ) qarşıdakı üç il üçün əsas investisiya prioritetlərindən biri hesab edir. 2025-ci ildə bu göstərici 71 % təşkil edib.

Bununla yanaşı, rəhbərlər süni intellektin tətbiqinin ciddi çətinliklərlə müşayiət olunduğunu qeyd edirlər. Respondentlərin yarıdan çoxu (57 %) etik məsələləri əsas çətinlik kimi göstərib. Sonrakı yerlərdə kibertəhlükəsizlik (52 %) və texnologiyanın tətbiqi ilə bağlı xərclər (51 %) qərarlaşıb.

Süni intellektə yatırılan investisiyaların geri dönüşü ilə bağlı gözləntilər ötən illə müqayisədə müəyyən qədər dəyişib. Bu, şirkətlərin Sİ-yə investisiyalara daha uzunmüddətli perspektivdən yanaşdığını göstərə bilər. Belə ki, rəhbərlərin yalnız 14 %-i bu investisiyaların 6–12 ay ərzində gəlir gətirəcəyini gözləyir. Ötən il bu göstərici 19 % olub. Eyni zamanda, rəhbərlərin 71 %-i investisiyaların 1–3 il ərzində geri dönüşünü gözləyir. Ötən il bu göstərici 67 % təşkil edib.

KPMG şirkətinin Azərbaycandakı rəhbəri Vitaliy Yakovlev qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafı biznes üçün Azərbaycanın inkişafının növbəti mərhələsində iştirak etmək baxımından yeni imkanlar yaradır. İnfrastrukturun inkişafına, enerji keçidinə və iqtisadi fəaliyyətin yeni istiqamətlərinə yönəldilən investisiyalar iqtisadiyyatın şaxələndirilməsinə və əlavə inkişaf imkanlarının yaradılmasına töhfə verə bilər.

Bu potensialın reallaşdırılması üçün biznes uzunmüddətli hədəfləri əsas götürməli, riskləri effektiv idarə etməli və innovasiyaları dayanıqlı nəticələrə yönəlmiş əsaslandırılmış investisiya qərarları ilə uzlaşdırmalıdır.

"Texnoloji dəyişikliklər Azərbaycan biznesi üçün yalnız mövcud fəaliyyətin optimallaşdırılması deyil, həm də məhsul və xidmətlərin yaradılmasına yanaşmaların yenidən nəzərdən keçirilməsi baxımından yeni imkanlar açır. Xüsusilə, süni intellekt tədricən biznes modellərini dəyişdirmək, əməliyyatların səmərəliliyini artırmaq və yeni rəqabət üstünlükləri yaratmaq potensialına malik bir alətə çevrilir.

Lakin bu həllərin uğurlu tətbiqi təşkilatların transformasiyaya nə dərəcədə hazır olmasından asılıdır. Bu, əməkdaşların peşəkar bacarıqlarının inkişaf etdirilməsini, daxili proseslərin təkmilləşdirilməsini və innovasiyaların gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrildiyi korporativ mədəniyyətin formalaşdırılmasını tələb edir.

Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün rəqəmsallaşmanı ayrıca texnoloji istiqamət kimi deyil, ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi nəzərdən keçirmək vacibdir. Belə yanaşma biznesə bazar dəyişikliklərinə daha çevik reaksiya verməyə, yeni fəaliyyət istiqamətlərini mənimsəməyə və uzunmüddətli perspektivdə bazardakı mövqelərini gücləndirməyə imkan verəcək", – deyə Vitaliy Yakovlev bildirib.

Bacarıq çatışmazlığı əsas kadr problemi olaraq qalır

CEO-ların fikrincə, əsas kadr problemlərindən biri zəruri bacarıqların çatışmazlığıdır. Bu problem yalnız süni intellekt sahəsi ilə məhdudlaşmır. Respondentlərin 56 %-i bunu əsas çağırışlardan biri kimi qeyd edib. Əməkdaşların bilik və bacarıqlarının artırılması, eləcə də onların süni intellektlə işləmək üzrə hazırlanmasının vacibliyini respondentlərin 52 %-i vurğulayıb. İstedadlı mütəxəssislərin cəlb edilməsi və şirkətdə saxlanılması ilə bağlı çətinlikləri isə rəhbərlərin 47 %-i qeyd edib.

Bu çağırışlara cavab olaraq, rəhbərlərin 46 %-i əməkdaşların yenidən hazırlanması və ixtisaslarının artırılması proqramlarına, eyni sayda respondent isə vəzifə öhdəliklərinə uyğun olaraq süni intellektdən istifadə üzrə ixtisaslaşmış təlimlərə investisiya yatırır.

Bununla yanaşı, əməkdaşların süni intellektin tətbiqinə müqaviməti rəhbərləri əvvəlki illə müqayisədə daha az narahat edir. Belə ki, bu il respondentlərin 26 %-i bunu problem kimi qeyd edib. Ötən il isə bu göstərici 33% olub.

Rəhbərlərdən tələb olunan bacarıqlar da dəyişir. Artıq ikinci ildir ki, çeviklik və təzyiq altında operativ qərarlar qəbul etmək bacarığı ilk sırada yer alır (47 %). Strateji proqnozlaşdırma və müxtəlif inkişaf ssenarilərinin planlaşdırılması bacarıqlarının əhəmiyyəti isə əhəmiyyətli dərəcədə artıb. Bu bacarıqları rəhbərlərin 44 %-i qeyd edib. Ötən il bu göstərici 22 % təşkil edib.

KPMG-nin Global CEO Outlook tədqiqatında illik gəliri 500 milyon ABŞ dollarından çox olan şirkətlərin 1 400 rəhbəri iştirak edib. Sorğu 12 əsas bazarı, iqtisadiyyatın 13 sektorunu əhatə edib. Tədqiqatda Avstraliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İtaliya, Yaponiya, Niderland, İspaniya, Böyük Britaniya və ABŞ-dan olan şirkətlərin rəhbərləri iştirak ediblər. Təmsil olunan sektorlar arasında aktivlərin idarə edilməsi, avtomobil sənayesi, bank sektoru, istehlak malları və pərakəndə ticarət, energetika, səhiyyə, infrastruktur, sığorta, həyat elmləri, istehsal, texnologiya, media və telekommunikasiya yer alıb.

44 filmi