"IT SkillSprint" layihəsinin qalib komandası öz startapını inkişaf etdirir

İKT
  • 17 iyul, 2026
  • 11:58
IT SkillSprint layihəsinin qalib komandası öz startapını inkişaf etdirir

"IT SkillSprint" layihəsi çərçivəsində təşkil olunan hakatonun qalib komandalarından birinin üzvü olan İlkin İsmayılov hazırda öz startap layihəsi üzərində fəaliyyət göstərdiyini açıqlayıb.

"Report" xəbər verir ki, kompüter mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi İ.İsmayılov bu barədə layihənin bağlanış tədbirində çıxışı zamanı bildirib.

O qeyd edib ki, komanda əvvəlki hakatonda da final mərhələsinə çıxmışdı, lakin bu dəfə daha planlı şəkildə hazırlaşaraq qələbə qazana bilib: "Bu dəfə daha intensiv hazırlaşdıq. Münsiflərin nəyə önəm verdiyini analiz etdik, real problemin həlli üzərində işlədik. Təqdimat və texniki hissəyə xüsusi diqqət ayırdıq. Çox zəhmət çəkdiyimiz üçün qalib olacağımıza inanırdım.

Qalib komanda 5 nəfərdən ibarət olub və üzvlər "front-end", "back-end" və "full-stack" istiqamətlərində iş bölgüsü apararaq layihəni hazırlayıblar".

İ.İsmayılovun sözlərinə görə, hazırda komandası ilə birgə öz startap ideyasını həyata keçirməyə çalışır: "Hakatonlarda iştirak edir, startap layihələri üzərində işləyirəm və gələcəkdə həm magistr təhsilimi, həm də karyeramı bu sahədə qurmağı planlaşdırıram".

44 - Tezliklə