İlqar Musayev: "Rəqəmsal transformasiya milli təhlükəsizliyin təminatlarından biridir"

İKT
  • 19 noyabr, 2026
  • 10:15
İlqar Musayev: Rəqəmsal transformasiya milli təhlükəsizliyin təminatlarından biridir

Azərbaycanda rəqəmsal transformasiya milli təhlükəsizliyin və dövlət suverenliyinin mühüm təminatlarından biridir.

"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) deyib.

O bildirib ki, ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələləri dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır: "Bu gün texnologiyanın inkişafı yalnız iqtisadiyyatın və sosial həyatın transformasiyasına deyil, həm də beynəlxalq münasibətlərin xarakterinin, dövlətlərarası rəqabətin və qlobal güc balansının dəyişməsinə səbəb olur. Rəqəmsal texnologiyalar, süni intellekt və kiberməkan artıq dövlətlərin strateji maraqlarının formalaşmasına, milli təhlükəsizlik siyasətinə və beynəlxalq münasibətlər sisteminə birbaşa təsir göstərən amillərə çevrilib".

O qeyd edib ki, beynəlxalq təcrübədən çıxan nəticəyə əsasən - kibertəhlükəsizlik yalnız hücum baş verdikdən sonra tədbir görmək deyil: "O, risklərin əvvəlcədən müəyyən edilməsi, davamlı monitorinqi, qabaqlayıcı müdafiə, operativ reaksiya və xidmətlərin dayanıqlı bərpasını əhatə edən fasiləsiz prosesdir. Dövlət Xidməti olaraq fəaliyyətimizin əsas istiqamətlərindən biri dövlət informasiya sistemlərinin və kritik informasiya infrastrukturunun mühafizəsi, kibertəhdidlərin vaxtında aşkarlanması, insidentlərə çevik reaksiya verilməsi və qabaqlayıcı müdafiə mexanizmlərinin inkişaf etdirilməsidir".

Süni intellektin informasiya müharibələrinin xarakterini, kiberəməliyyatların miqyasını və beynəlxalq təsir mexanizmlərini dəyişdiyini xatırladan xidmət rəisi belə bir şəraitdə kibertəhlükəsizliyə yalnız texniki müdafiə məsələsi kimi yanaşmağın artıq kifayət etmədiyi qənaətindədir: "2024-cü ildə Azərbaycanda ilk dəfə keçirilən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda formalaşan dialoqun davam etdirilməsi, əldə olunmuş təcrübənin inkişaf etdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi bizim üçün prinsipial əhəmiyyət kəsb edir. Həmin təşəbbüslərin davamı olaraq bu gün ikinci konfrans çərçivəsində yenidən bir araya gəlməyimiz xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan builki konfransın "Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış" mövzusu təsadüfi seçilməyib. Bu mövzu texnoloji inkişafla geosiyasi proseslərin getdikcə daha sıx qarşılıqlı əlaqədə olduğu müasir dövrün reallıqlarını əks etdirir. İnanıram ki, konfrans çərçivəsində süni intellektin beynəlxalq münasibətlərə təsiri, dövlətlərin strateji müstəqilliyinin qorunması, informasiya müharibəsi və deepfake texnologiyalarının yaratdığı təhdidlər, eləcə də kritik infrastrukturun mühafizəsi ilə bağlı aparılacaq müzakirələr mühüm nəticələrin əldə edilməsinə imkan verəcək".

İ. Musayev Azərbaycanın bu istiqamətdə beynəlxalq dialoqun genişləndirilməsinə, təcrübə mübadiləsinin təşviqinə və qarşılıqlı faydalı tərəfdaşlıqların inkişafına xüsusi önəm verdiyini vurğulayıb: "Ölkəmizin belə bir beynəlxalq platformaya ev sahibliyi etməsi də məhz bu yanaşmanın və beynəlxalq əməkdaşlığa verdiyimiz əhəmiyyətin ifadəsidir. Bugünkü konfrans yalnız mövcud çağırışların müzakirəsi ilə məhdudlaşmayacaq, həm də kiberdiplomatiyanın gələcək inkişafına, regional və beynəlxalq əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə, eləcə də kiberməkanda etimad və təhlükəsizliyin möhkəmləndirilməsinə real töhfə verəcək".

44 filmi