"Google Cloud": Süni intellekt dövlət xidmətlərinin mahiyyətini dəyişəcək
- 05 noyabr, 2025
- 11:20
Azərbaycanda süni intellekt dövlət xidmətlərinin mahiyyətini dəyişəcək.
"Report" xəbər verir ki, bunu bunu "Google Cloud" şirkətinin Qafqaz, Mərkəzi Asiya, Cənubi Afrika və İsraildə hökumətlərlə əlaqələr üzrə rəhbəri Marina Junik Bakıda keçirilən "StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu 2025" tədbirinin II günündə bildirib.
Onun sözlərinə görə, süni intellekt artıq dövlət idarəçiliyinin və ictimai xidmətlərin mahiyyətini köklü şəkildə dəyişməyə başlayıb və bu proses Azərbaycanda da mühüm dönüş yarada bilər.
Qonaq əlavə edib ki, hökumətlər süni intellektin potensialından daha səmərəli yararlanmaq üçün açıq məlumat bazalarının rəqəmsallaşdırılmasını sürətləndirməlidirlər: "Bu yanaşma iqtisadiyyata birbaşa təsir göstərir və Azərbaycanın da rəqəmsal inkişaf strategiyası üçün mühüm ola bilər. Bu model iqtisadi artımı, xüsusilə maliyyə sektorunda, azı 33% sürətləndirə bilər. Süni intellektin tətbiqi məhkəmə və dövlət idarəçiliyində xidmətləri aylarla deyil, həftələrlə təkmilləşdirməyə imkan verir. Bu, dövlət sektorunda inqilabi dəyişikliklər yaradır".
O vurğulayıb ki, Azərbaycan da süni intellekt və rəqəmsal idarəetmədə regionda öncül ölkələrdən birinə çevrilə bilər, amma bunun üçün açıq məlumat siyasətləri və tənzimləyici mexanizmlər təkmilləşdirilməlidir: "Süni intellektin dövlət sektoruna inteqrasiyası Azərbaycanda vətəndaş məmnuniyyətini artıracaq, xidmətlərin çevikliyini və şəffaflığını təmin edəcək. Bu, ölkənin rəqəmsal transformasiya gündəliyində əsas addımlardan biri ola bilər".