Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin prezidenti Jan-Iv Lö Gol “Azərkosmos”a səfər edib

İKT
  • 29 may, 2018
  • 12:19
Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin prezidenti Jan-Iv Lö Gol “Azərkosmos”a səfər edib

Bakı. 29 may. REPORT.AZ/ Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi” (CNES) və "Avropa Kosmik Agentliyi”nin (ESA) prezidenti Jan-Iv Lö Gol “Azərkosmos” ASC-yə səfər edib. 

Bu barədə “Report”a “Azərkosmos”dan məlumat verilib.

Səfər çərçivəsində Jan-Iv Lö Gol qurumun sədri Rəşad Nəbiyevlə görüşüb. Görüş zamanı qonağa Azərkosmosun fəaliyyəti, idarəçiliyində olan peyklər və şirkətin gələcək planları barədə geniş məlumat verilib.

Jan-Iv Lö Gola kosmik sahədə təcrübi elmi tədqiqatların aparılması məqsədilə “Azərkosmos”un nəzdində qurulan Tədqiqat və İnkişaf Mərkəzi barəsində ətraflı məlumat verilib.

Görüşdə həmçinin Fransanın “Arianespace” şirkəti ilə “Azərkosmos” arasında Yer səthinin məsafədən müşahidəsi sahəsində qurulan əməkdaşlıq və “Azerspace-1” peykinin Fransaya məxsus “Ariane-5” raketi ilə uğurla orbitə buraxılması vurğulanıb.

Görüş əsnasında Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi” və “Azərkosmos” ilə tədqiqat və inkişaf sahəsində birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub. Yaxın müddətdə bu sahədə konkret layihələrin müəyyən olunmasına dair razılıq əldə olunub.

Görüşün sonunda Jan-Iv Lö Gol “Azərkosmos”a “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin xatirə medalını hədiyyə edib. “Azərkosmos”a ASC-nin sədri Rəşad Nəbiyev isə öz növbəsində qonağa Azərbaycan Mərkəzi Bankının hazırladığı “Azerspace-1” peykinin orbitə buraxılması şərəfinə hazırlanmış xatirə sikkəsini təqdim edib.

Qeyd edək ki, Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi” (CNES) 1961-ci ildə təsis olunub. CNES dünyada qurulan kosmik mərkəzlərdən sayca üçüncüsüdür. Mərkəz “Tuluz Kosmik Mərkəzi” və Fransa dövlətinə məxsus “Qviana Kosmik Mərkəzi”ndən idarə olunur. “Milli Kosmik Tədqiqatlar Mərkəzi” kosmik sahə üzrə elmi tədqiqat, Yer səthinin məsafədən müşahidəsi, telekommunikasiya və müdafiə sahələri istiqamətində fəaliyyət göstərir.

Xatırladaq ki, Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.

44 filmi