Elvin Hacıyev: Naxçıvanda yaradılan innovasiya mühiti ekosistemin inkişafına böyük töhfə verəcək

İKT
  • 01 oktyabr, 2025
  • 13:15
Elvin Hacıyev: Naxçıvanda yaradılan innovasiya mühiti ekosistemin inkişafına böyük töhfə verəcək
Elvin Hacıyev

Naxçıvanda yaradılan innovasiya mühiti qısa müddətdə ekosistemin inkişafına böyük töhfə verəcək.

Bunu "Report"un yerli bürosuna açıqlamasında Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev deyib.

O qeyd edib ki, mərkəz həm prototipləşdirmə labarotoriyası, həm də innovasiya funksiyalarını həyata keçirəcək:

"Bu gün Naxçıvan Dövlət Universiteti ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birlikdə həyata keçirdiyi fəaliyyət nəticəsində təsis edilmiş İnnovasiya Mərkəzinin açılışını qeyd edirik. Bu, bizim agentliyin dəstəyi ilə ölkədə qurulan üçüncü bu tipli innovasiya mərkəzidir. Bundan öncə Bakı və Sumqayıt şəhərlərində oxşar formatlı mərkəzlər təsis edilib.

Burada iki kompüter otağı təsis edilib. Bununla yanaşı, altı prototipləşdirmə istiqamətli laboratoriya otaqları hazırlanıb. Həmçinin burada 3D printerlər, sens avadanlıqları və daha çox aparat təminatına yönəlik startapların və layihələrin prototipləşdirmə işlərinin icra edilməsi üçün lazım olan texniki təchizat təmin edilib. Mərkəz istər innovasiya, istərsə də texnologiya istiqamətində bir çox proqramlara və layihələrə ev sahibliyi etməyi planlaşdırır".

Şöbə müdirinin sözlərinə görə, yeni yaradılan mərkəz ölkənin regionlarının inkişafına, xüsusilə də innovasiya mədəniyyətinin formalaşdırılmasına, startap quruculuğuna, sahibkarlığın inkişafına böyük töhfə verəcək:

"Hər bir gənc, tələbə və universitetdən kənar fəaliyyət göstərən istənilən şəxs öz ideyasını gerçəkləşdirmək üçün ona lazım olan dəstəyi əldə edəcək. Həmin şəxslər universitetin məsul şəxslərindən mentorluq və təlim dərsləri alacaqlar. Bu tip mərkəzlər ümumilikdə beynəlxalq praktikada da çox effektlidir. İnanırıq ki, qısa müddətdə Naxçıvandakı innovasiya mühitinin ekosistemin inkişafına böyük töhfəsi olacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti