Elnur Soltanov: "Azərbaycanda keyfiyyətcə yeni inkişaf modeli formalaşır"

İKT
  • 11 iyun, 2026
  • 10:36
Elnur Soltanov: Azərbaycanda keyfiyyətcə yeni inkişaf modeli formalaşır

Azərbaycanda keyfiyyətcə yeni inkişaf modeli formalaşır.

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.

"Biz Azərbaycanda dəyişən iqtisadi dövru müşahidə edirik. Keyfiyyətcə yeni bir mərhələ başlayır. Azərbaycanda əvvəlki dövrdə əldə olunmuş, nisbətən asan nəticələr artıq geridə qalır. Bu nəticələr ölkə rəhbərliyinin səyləri sayəsində mümkün olub. Eyni zamanda, mənim üçün maraqlı məqam odur ki, həmin birinci mərhələnin formalaşdırdığı insan kapitalı, maliyyə resursları və beynəlxalq əlaqələr indi növbəti, keyfiyyətcə daha yüksək iqtisadi inkişaf mərhələsi üçün əsas yaradır. İqtisadi diversifikasiyanın əhəmiyyətini isə həddindən artıq şişirtmək düzgün olmazdı. Diversifikasiya özlüyündə məqsəd deyil, o, inkişaf üçün vasitədir. Əsas məqsəd dayanıqlı və səmərəli iqtisadi artımdır", - deyə o qeyd edib.

Nazir müavini əlavə edib ki, fokus iqtisadi artım olmalıdır, diversifikasiya isə vasitədir: "Söhbət daha çox kəmiyyət artımına yönəlməkdən gedir. Diversifikasiya əlbəttə yaxşıdır, çünki o, iqtisadiyyata dayanıqlılıq qazandırır. Lakin klassik iqtisadi nəzəriyyəyə, xüsusilə David Rikardonun müqayisəli üstünlük nəzəriyyəsinə baxsaq, burada diversifikasiya əsas hədəf kimi ön plana çıxmır. Əksinə, vurğulanır ki, ölkələr daha səmərəli və daha az alternativ xərclə istehsal edə bildikləri sahələrə fokuslanmalıdırlar. Beləliklə, mənim fikrimcə, diversifikasiya bəzən ölkədə səmərəsiz və gəlir gətirməyən müəssisələrin subsidiyalaşdırılması ilə nəticələnə bilər. Anlayıram ki, bunun sosial tərəfləri var, eləcə də həll olunmalı siyasi məsələlər mövcuddur. Lakin əsas sual birbaşa iqtisadi artıma yönəlməlidir - davamlı və dayanıqlı iqtisadi artıma. Diversifikasiya məsələsinə də yalnız bu çərçivə daxilində yanaşmaq daha düzgün olardı".