Ekspert: "Onlayn dövlət xidmətləri üzrə 11-ci yerə yüksəlməyimiz xüsusilə önəmlidir"
- 20 noyabr, 2026
- 19:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) 36 pillə irəliləyərək 38-ci mövqeyə yüksəlməsi ciddi məqamlardan xəbər verir.
Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
"Onlayn dövlət xidmətləri üzrə 11-ci yerə yüksəlməyimiz xüsusilə önəmlidir. Bu yüksəliş birmənalı olaraq rəqəmsallaşma baxımdan deyil, eyni zamanda iqtisadi və idarəetmə baxımdan qəbul edilməlidir. Çünki elektron xidmətlərin genişlənməsi vətəndaşların, sahibkarların və digər subyektlərin vaxta və vəsaitə qənaət etməsinə gətirib çıxardır. Yəni əslində bu prosedurların sadələşməsi həm də şəffaflığın artmasına gətirib çıxardır", - deyə o qeyd edib.
Ekspertin fikrincə, bundan sonra da təkcə rəqəmsal xidmətlərin sayının artırılmasına deyil, onların keyfiyyətinin yüksəldilməsinə, əlçatanlığının artırılmasına, qarşılıqlı inteqrasiyanın güclənməsinə üstünlük verilməlidir. "Vətəndaşın telefonunda "mygov" varsa, ondan əlavə sənəd tələb olunmamalıdır. Bütün sistemlər bir-birinə inteqrasiya edilməlidir".
Xatırladaq ki, Azərbaycanın ümumi EHİİ göstəricisi 0,8847 bal təşkil edib və bu da 2024-cü ilin göstəricisi (0,7607) ilə müqayisədə 16,3 % artım deməkdir. Beləliklə Azərbaycan "Çox yüksək EHİİ" kateqoriyasında daha üstün rəqəmsal inkişafa nail olub və Avstriya, Yaponiya, Kanada, İsrail kimi ölkələrin də yer aldığı V3 altqrupuna yüksəlib.
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən iki ildən bir hazırlanan EHİİ ölkələrin rəqəmsal hökumət sahəsində inkişaf səviyyəsini Onlayn Xidmətlər İndeksi (OSI), Telekommunikasiya İnfrastrukturu İndeksi (TII) və İnsan Kapitalı İndeksi (HCI) olmaqla üç əsas komponent üzrə qiymətləndirir. 2026-cı il hesabatına rəqəmsal dövlət xidmətlərinin inteqrasiyası, vətəndaşların həyat hadisələrinə uyğun xidmətlər və süni intellekt əsaslı həllər kimi yeni istiqamətlər əlavə edilib.
Belə ki, Azərbaycanın BMT-nin EHİİ 2026 hesabatında hər üç əsas komponent üzrə ardıcıl irəliləyişi qeydə alınıb. Ən böyük yüksəliş Onlayn Xidmətlər İndeksindədir (OSI). Ölkəmiz bu göstərici üzrə 2024-cü ildəki 67-ci yerdən 56 pillə irəliləyərək dünyada 11-ci yerə yüksəlib. Qeyd edək ki, Onlayn Xidmətlər İndeksi dövlət xidmətlərinin rəqəmsal mühitdə inkişaf səviyyəsini qiymətləndirən beş əsas altindeksi - institusional çərçivə, xidmətlərin təqdim edilməsi, məzmunun təqdim edilməsi, texnologiya, eləcə də vətəndaşların iştirakı və cəlb olunmasını özündə ehtiva edir.
Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Böyük Britaniya (12), İslandiya (16), ABŞ (18), Kanada (20), Norveç (22), Avstraliya kimi Avropa və yüksək gəlirli ölkələrin göstəricilərini də üstələyib. İndeksin xidmətlərin təqdim edilməsi altindeksi üzrə ölkəmiz dünyada 10-cu, institusional çərçivə üzrə isə 1-ci yerdədir. Qeyd edək ki, xidmət təqdimatı altindeksində Azərbaycan dünya üzrə EHİİ göstəricisinə görə 8-ci mövqedə olan Estoniya ilə 10-cu yeri bölüşür.