Dosjan Musaliyev: "Bakı və Astana elektron imzaların qarşılıqlı tanınması üzrə işi sürətləndirir" - MÜSAHİBƏ

İKT
  • 17 noyabr, 2025
  • 19:45
Dosjan Musaliyev: Bakı və Astana elektron imzaların qarşılıqlı tanınması üzrə işi sürətləndirir - MÜSAHİBƏ

Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) keçirilir. Bu, Beynəlxalq Telekommunikasiya İttifaqının MDB regionunda ilk dəfə təşkil olunan əsas tədbirlərindən biridir. Konfrans rekord sayda iştirakçı toplayaraq rəqəmsal texnologiyaların gələcəyini, infrastrukturun inkişafını və qlobal çağırışların həllini müzakirə etmək üçün mühüm platformaya çevrilib.

Rəqəmsallaşmanın və iqtisadiyyatın transformasiyasının artan əhəmiyyəti fonunda Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq xüsusi əhəmiyyət qazanır. Hər iki ölkə iddialı rəqəmsal strategiyalar həyata keçirir, telekommunikasiya layihələrini inkişaf etdirir və kibertəhlükəsizlik sahəsində əlaqələri möhkəmləndirir.

Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin müavini Dosjan Musaliyev "Report"a müsahibəsində ikitərəfli qarşılıqlı əməkdaşlığın gündəliyində hansı məsələlərin durduğundan və Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilişinin necə irəlilədiyindən bəhs edib.

Müsahibəni oxucularımıza təqdim edirik:

- Bakıya səfərinizin məqsədləri barədə danışa bilərsiz?

- Əsas məqsəd - Bakıda ilk dəfə keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında iştirakdır. Azərbaycanı və Beynəlxalq Telekommunikasiya İttifaqını (ITU) belə miqyaslı və əhəmiyyətli tədbirin təşkilinə görə səmimiyyətlə təbrik etmək istərdim. Bu, təkcə Azərbaycan üçün deyil, bütün MDB regionu üçün mühüm tarixi andır. Konfransın Bakıda keçirilməsi ölkənin rəqəmsal infrastrukturunun yüksək inkişaf səviyyəsini və qlobal telekommunikasiya birliyinə fəal töhfəsini təsdiqləyir.

Bundan əlavə, səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər planlaşdırılıb. Biz rəqəmsallaşma, telekommunikasiya, kiber təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini, həmçinin artıq formalaşmış tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsini müzakirə etmək niyyətindəyik. Əminəm ki, bu danışıqlar yeni imkanlar açacaq və gələcək inkişaf nöqtələrini müəyyən etməyə kömək edəcək.

- Məlumdur ki, Qazaxıstan və Azərbaycan arasında sualtı fiber-optik kabelin çəkilişinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır. Layihə hazırda hansı mərhələdədir?

- Layihə həqiqətən həyata keçirilir və onun əhəmiyyəti iki ölkəmizin hüdudlarından çox kənara çıxır - o, bütün region üçün vacibdir. Cari ildə hazırlıq mərhələləri davam edir, dövlət qurumları ilə zəruri razılaşdırmalar tamamlanır. Sualtı tədqiqatlar tam yerinə yetirilib, kabelin eskizi hazırlanıb.

Hazırda Çində kabelin istehsalı gedir, paralel olaraq onun Qazaxıstana çatdırılma yolları araşdırılır. Kabelin gələn ilin mart ayının sonunadək hazır olacağını gözləyirik. Kabelin çəkilməsinə 2026-cı ilin üçüncü rübündə başlanacaq, bundan sonra bütün sistemin tənzimlənməsinə başlayacağıq. Layihəni 2026-cı ilin sonunda uğurla tamamlamağı planlaşdırırıq.

- Qazaxıstan və Azərbaycan arasında hansı əməkdaşlıq istiqamətlərini daha perspektivli hesab edirsiniz: kibertəhlükəsizlik, telekommunikasiya, elektron hökumət yoxsa rəqəmsal təcrübələrin mübadiləsi?

- Bütün qeyd olunan istiqamətlər bizim üçün prioritetdir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana səfər edib və rəqəmsallaşma da daxil olmaqla əsas sahələr üzrə ən yüksək səviyyədə razılaşmalar əldə edilib.

Elə ötən həftə mən azərbaycanlı həmkarım Samir Məmmədovla görüşdüm və biz kibertəhlükəsizlik sahəsində fəal qarşılıqlı əməkdaşlıq etməyi qərara aldıq. Azərbaycanın mütəxəssislərin hazırlanmasında ciddi təcrübəsi var. Biz isə bu təcrübəni öyrənməkdə maraqlıyıq. Həmçinin, şəxsi məlumatların qorunması və informasiya təhlükəsizliyi üzrə təcrübə mübadiləsi də vacibdir.

Telekommunikasiya sahəsində əsas layihə, şübhəsiz ki, ölkələrimiz arasında ən vacib bağlantı həlqəsi olacaq Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsidir.

Elektron hökumətə gəldikdə isə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nabiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bizim təcrübəmizi öyrənib. Biz də öz növbəmizdə Azərbaycan təcrübəsini öyrənirik. Həqiqətən də paylaşacağımız çox şey var və biz sıx əməkdaşlığa açığıq.

- Qazaxıstan Azərbaycanla rəqəmsal infrastruktur və innovasiya sahəsində yeni birgə layihələrin reallaşdırılması planlaşdırılırmı?

- Bəli, belə planlar var. Artıq qeyd etdiyim kimi əməkdaşlıq edəcəyimiz istiqamətlərdən biri kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması üzrə birgə layihədir. Bundan əlavə, elektron imzaların qarşılıqlı tanınması üzrə fəal iş aparırıq.

Əməkdaşlığımız etimad üzərində qurulub və bu bizə təkcə rəhbərlik səviyyəsində deyil, həm də ekspertlər səviyyəsində təşəbbüsləri inamla inkişaf etdirməyə imkan verir. Biz həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində yeni layihələrə hazırıq.

- Hər iki dövlətin ərazisində elektron imzaların qarşılıqlı tanınması planları haqqında daha ətraflı məlumat verə bilərsinizmi? Bu hansı effekti verəcək?

- Sənəd ekspertlər tərəfindən işlənilir. Biz hər iki ölkənin elektron imzalarının qarşılıqlı tanınacağı mexanizmləri nəzərdən keçiririk. Bu rejim işə düşdükdən sonra Azərbaycanda imzalanmış sənədlər Qazaxıstanda, eyni şəkildə əksinə də hüquqi qüvvəyə malik olacaq. Bu, dövlət orqanları, biznes və vətəndaşlar arasında qarşılıqlı əlaqəni əhəmiyyətli dərəcədə sadələşdirəcək.

Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan arasında problemli mövzular yoxdur. Biz bütün istiqamətlərdə dinamik və səmərəli şəkildə işləyirik. Məsələlərin həlli uzadılmır, bürokratiyaya çevrilmir. Bunun təsdiqi olaraq ötən həftə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi lazımi addımları operativ şəkildə razılaşdırdı. Əminəm ki, bu tempdə əməkdaşlığımız daha da möhkəmlənəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti