Davud Rüstəmov: Kritik informasiya infrastrukturunun müdafiəsi üzrə normativ baza artıq formalaşdırılıb
- 19 noyabr, 2026
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda kritik informasiya infrastrukturunun mühafizəsi ilə bağlı qanunvericilik bazasının formalaşdırılması prosesi artıq başa çatdırılıb.
"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəhbəri Davud Rüstəmov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) bildirib.
Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti kritik informasiya infrastrukturunun qorunmasına məsul olan və bu istiqamətdə dövlət nəzarətini həyata keçirən əsas qurum kimi müəyyən edilib:
"Bundan əlavə, Xidmət qlobal miqyaslı və hazırda müxtəlif sektorlara təsir edən kibertəhdidlərlə mübarizə aparır. Müasir şəraitdə kibertəhdidlərin artım tendensiyası ciddi narahatlıq doğurur. Şübhəsiz ki, mövcud texnologiyaların bir çox üstünlükləri var və biz də onların təqdim etdiyi imkanlardan istifadə edirik. Ancaq süni intellekt texnologiyaları vasitəsilə hazırda istifadə olunan müxtəlif proqram təminatı və tətbiqlərin yarada biləcəyi təhlükələr də nəzərdən qaçırılmamalıdır".
Davud Rüstəmov həmçinin deyib ki, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan da öz təcrübəsinə əsaslanaraq müasir tendensiyaları yaxından izləyir:
"Belə ki, süni intellektdən istifadə edilməklə Azərbaycan dövlət qurumlarını hədəf alan kibertəhdidlər davamlı şəkildə diqqətdə saxlanılır. Eyni zamanda, beynəlxalq tərəfdaşlığın genişləndirilməsində də maraqlıyıq. Çünki bu əməkdaşlıq sözügedən sahədəki imkanlarımızı gücləndirir. Bu isə zərərli IP ünvanlarının, domenlərin və digər bu səpkidə olan təhdidlərə qarşı mübarizədə mühüm rol oynaya bilər".