Ceyson Ris: "Azərbaycanda rəqəmsallaşmanın tətbiqi yüksək səviyyədədir"

İKT
  • 25 sentyabr, 2026
  • 16:18
Ceyson Ris: Azərbaycanda rəqəmsallaşmanın tətbiqi yüksək səviyyədədir

Azərbaycanda rəqəmsallaşma və texnologiyanın tətbiqi yüksək səviyyədədir.

"Report" xəbər verir ki, bunu "Oracle EMEA"nın Texnologiya mühəndisliyi üzrə baş vitse-prezidenti Ceyson Ris Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində keçirilən panel müzakirədə çıxışı zamanı bildirib.

O deyib ki, intellektual iqtisadiyyat qurmaq üçün hesablama gücünə sahib olmaq vacibdir: "Əlbəttə, bizə infrastruktur, məlumat mərkəzləri və GPU-lar lazımdır, amma sonda həmçinin etibarlı məlumatların, analitik bilgilərin və biznesin kontekstinin olması da mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, Bakıda keçirilən "Formula 1" yarışlarında da texnologiya və süni intellektdən komandalara kömək üçün istifadə olunacaq. Beləliklə, istər hökumət, istər özəl sektor, istərsə də idman olsun, süni intellekt hadisələrə baxışımızı tamamilə dəyişir. Əslində, süni intellektin yığının hər səviyyəsində olmasını təmin etmək lazımdır. Biz bunu "əlavə edilmiş deyil, daxili qurulmuş" yanaşması kimi təqdim edirik. Düşünürəm ki, bu son dərəcə vacibdir, çünki süni intellekt insanların əlinə verilməlidir ki, onlar bundan faydalansınlar, yalnız infrastrukturla kifayətlənməsinlər, baxmayaraq ki, enerji, hesablama gücü və süni intellekt bir-birindən ayrılmazdır".

C.Ris qeyd edib ki, Azərbaycan və digər tərəfdaşlar üçün məlumatın süni intellektin də əsası olduğunu dərk etməsi mühüm əhəmiyyətə malikdir: "Əgər yaxşı, etibarlı məlumatınız yoxdursa, süni intellektin müvafiq şəkildə kömək edə biləcəyini necə təmin edə bilərsiniz? Suverenlik haqqında düşünəndə, bir təşkilatın sərhədləri daxilində məlumatların təhlükəsiz saxlanılmasını, eyni zamanda, istifadə olunan modellərin də təhlükəsiz olmasını təmin etməyi nəzərdə tuturam. Bilməlisiniz ki, təşkilatınızın sərhədləri daxilində həm özəl məlumatlarınızdan istifadə edə, həm də ictimai məlumatlardan faydalana bilərsiniz. Təcrid olunmuş süni intellekt çətinlik yaradacaq. Düşünürəm ki, indi əsas məsələ bu məlumatların bizə nə dediyinin zəkasını izah edə bilmək üçün konteksti, ontologiyanı və semantik təbəqəni təmin etməyi bacarmaqdır. Əks halda, bu, sadəcə məlumatdır. Biz onu biznes kontekstinə oturtduğumuzdan əmin olmalıyıq".