Çen Şrayber: "Süni intellekt mühasiblərin və auditorların rolunu azaltmayacaq"

İKT
  • 16 sentyabr, 2026
  • 17:57
Çen Şrayber: Süni intellekt mühasiblərin və auditorların rolunu azaltmayacaq

Süni intellekt audit proseslərinin səmərəliliyini və keyfiyyətini artırmaqla yanaşı, auditorların işində rutin və təkrarlanan əməliyyatların avtomatlaşdırılmasına imkan yarada bilər.

"Report" xəbər verir ki, bunu İsrailin İctimai Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun (ICPAI) prezidenti Çen Şrayber (Chen Schreiber) Azərbaycan Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.

Onun fikrincə, süni intellekt həmçinin təkrarlanan vəzifələri avtomatlaşdırmağa, böyük həcmli maliyyə datalarını analiz etməyə, qeyri-adi əməliyyatları və ehtimal olunan riskləri aşkar etməyə qadirdir:

"Lakin unutmamalı olduğumuz mühüm bir məqam var. Süni intellekt məlumatı emal etsə də, peşəkar məsuliyyəti öz üzərinə götürə bilməz. Texnologiya peşəkar mühakiməni, etik prinsipləri, hesabatlılığı və ən başlıcası, peşəmizə olan ictimai inamı əvəzləyə bilməz. Məhz bu səbəbdən əminəm ki, süni intellekt mühasiblərin və auditorların rolunu azaltmayacaq. Əksinə, o, bizə gündəlik rutin proseslərə daha az zaman həsr edərək, həqiqətən insan təcrübəsini tələb edən mühakimə, şərhetmə, strateji düşüncə, ünsiyyət və liderlik kimi sahələrə daha çox diqqət yetirməyə şərait yaradacaq".

Ç. Şrayber bildirib ki, süni intellektin inkişafı eyni zamanda peşəkar qurumlar üçün yeni öhdəliklər formalaşdırır: "Biz üzvlərimizin süni intellekt dövründə zəruri olan bilik və bacarıqlarla təchiz olunmasını təmin etməli və beynəlxalq əməkdaşlığı möhkəmləndirməliyik, çünki peşəmizin texnoloji transformasiyası ölkə sərhədləri ilə məhdudlaşmır. Azərbaycan Auditorlar Palatası ilə İsrail İnstitutu arasındakı dostluq və peşəkar əməkdaşlıq bunun parlaq nümunəsidir. Bilik, təcrübə və ən uğurlu praktikaları paylaşmaqla təşkilatlarımız peşəkarlarımıza bu dönüşümü birgə həyata keçirməyə dəstək verə bilər. Texnologiya dəyişməkdə davam edəcək, ancaq peşəkar mühakimə, etika, məsuliyyət və etimad daim qalacaq".

.