Cəlal Qasımov: "Süni intellekt yeni risklər yaradır"

İKT
  • 02 oktyabr, 2026
  • 16:47
Cəlal Qasımov: Süni intellekt yeni risklər yaradır

Tənqidi düşüncə bacarıqlarının formalaşdırılması, idarəçilər üçün ixtisaslaşmış biznes təhsilinin keyfiyyətinin yaxşılaşdırılması, həmçinin regional kapital bazarlarının birləşdirilməsi süni intellekt texnologiyalarının sürətlə yayılması şəraitində region ölkələri üçün prioritet vəzifələrdir.

"Report" xəbər verir ki, bunu "PASHA Holding" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov CAMCA-2026 Regional Forumunda bildirib.

O vurğulayıb ki, süni intellekt texnologiyalarının fəal şəkildə nüfuz etməsi gündəlik qərarların qəbulu proseslərini əhəmiyyətli dərəcədə transformasiya edir, lakin maşınların cavablarına həddindən artıq etibar etməkdən qaynaqlanan yeni təhdidlər yaradır: "Zəmanəmizin əsas çağırışı fundamental biliklərin deyil, tənqidi qavrayış və peşəkar ekspert qiymətləndirməsi çatışmazlığı ilə bağlıdır. İnsanlar süni intellektin təqdim etdiyi nəticələrə getdikcə daha çox etibar edirlər. Bu nəticələr çox vaxt bütün konteksti əhatə edə bilmir və ya əlaqəli halları nəzərə almır. Regionda davamlı iqtisadi artımı təmin etmək üçün bu kompetensiyaları planlı şəkildə inkişaf etdirmək, həmçinin baş verən dəyişikliklərə operativ uyğunlaşmağa imkan verən qısamüddətli biznes təhsili proqramlarını təkmilləşdirmək lazımdır".

C.Qasımov qeyd edib ki, regionlararası qarşılıqlı fəaliyyətin ikinci əsas istiqaməti maliyyə inteqrasiyası və kapital bazarlarının inkişafı olmalıdır: "Hazırda regionumuzun demək olar ki, heç bir dövləti tam formalaşmış kapital bazarına malik deyil. Maliyyə platformalarının birləşdirilməsi, məlumatların açıqlanması tələblərinin unifikasiyası və investorlarla qarşılıqlı əlaqə praktikalarının standartlaşdırılması şirkətlərin daha geniş investor dairəsinə çıxış əldə etməsinə, investorların isə çoxsaylı qeydiyyat prosedurlarından keçməyə ehtiyac olmadan regional bazarlarda iştirakını asanlaşdırmağa imkan verərdi".