Cəbhəyanı regionlar üzrə "Elektron hökumət" mövzusunda seminarlar yekunlaşıb

İKT
  • 08 noyabr, 2016
  • 15:50
Cəbhəyanı regionlar üzrə Elektron hökumət mövzusunda seminarlar yekunlaşıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərafdaşlığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən cəbhəyanı rayonlarda təşkil edilmiş “Elektron hökumət” mövzusunda seminarlar başa çatıb. 

Bu barədə “Report”a İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, oktyabrın 21-22-də Bərdə və Tərtər rayonlarında start verilən layihə, noyabrın 4-5-də Ağdam və Goranboyda keçirilən seminarlarla yekunlaşıb.

"Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyinin, Məlumat Hesablama Mərkəzinin (MHM), Yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirak etdiyi seminarlarda ümumilikdə 300-dən çox yerli sakin iştirak edib.

Seminarlarda şəffaf sosial münasibətlərin qurulmasında elektron xidmətlərin rolundan danışılıb, vahid xidmət məkanı olan "Elektron hökumət" portalının bu günki fəaliyyəti və gələcək priototetləri barədə məlumat verilib. 

MHM-in mütəxəssisi portal vasitəsilə təqdim olunan 418 xidmət üzrə ən çox müraciət olunan xidmətlərdən danışıb.

Seminar zamanı müxtəlif məzmunlu arayışların elektron şəkildə əldə edilməsi əhali tərəfindən yüksək qiymətləndirilib. Portalın "Fikir Bank", "Əks-Əlaqə" və "Onlayn Konsultasiya" kimi köməkçi funksiaları barədə seminar iştirakçıları məlumatlandırılıb.

Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.