Baş Prokurorluğun şöbə rəisi: Biometrik məlumatların qorunması şəxsi həyatın toxunulmazlığı ilə sıx bağlıdır
- 10 oktyabr, 2025
- 15:53

Biometrik məlumatların qorunması bu gün şəxsi həyatın toxunulmazlığı ilə sıx bağlı olan ən vacib məsələlərdən biridir.
"Report" xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində təşkil olunmuş konfransın ikinci günündə deyib.
O bildirib ki, Azərbaycan Konstitusiyası fərdi məlumatların qorunmasını təmin edir və bu prinsiplər əsasında "Fərdi məlumatlar haqqında" və "Biometrik informasiya haqqında" qanunlar qəbul olunub. Bu qanunlar biometrik məlumatların toplanması, işlənməsi və istifadəsi qaydalarını müəyyən edir:
"Bu sahədə mübarizə mexanizmləri bir neçə səviyyədə qurulub. Birincisi, normativ-hüquqi tənzimləmə – yəni qanunvericilikdə biometrik informasiyanın işlənməsinə xüsusi nəzarət mexanizmləri müəyyən edilib. İkincisi, hüquqi məsuliyyət tədbirləri – İnzibati Xətalar və Cinayət Məcəllələri bu məlumatların qanunsuz istifadəsinə görə müvafiq məsuliyyət növlərini nəzərdə tutur. Üçüncüsü isə məhkəmə və inzibati müdafiə – vətəndaşlar pozulmuş hüquqlarının bərpası üçün məhkəmələrə və dövlət orqanlarına müraciət edə bilirlər.
Prokurorluğun roluna gəldikdə isə prokurorluq orqanları qanunların icrasına nəzarəti, istintaqa prosessual rəhbərliyi həyata keçirir, eyni zamanda, məhkəmədə dövlət ittihamını müdafiə edir. Beləliklə, biometrik məlumatların qanunsuz istifadəsi hallarında həm cinayət təqibini aparmaq, həm də ictimai maraqları qorumaq prokurorluğun səlahiyyətinə daxildir".
Şöbə rəisi qeyd edib ki, texnologiyalar sürətlə inkişaf etdiyindən hüquqi mexanizmlərin də bu dinamikaya uyğun şəkildə yenilənməsi zəruridir:
"Bu istiqamətdə məsuliyyət mexanizmlərinin sərtləşdirilməsi, müasir texniki standartların qanunvericilikdə əks etdirilməsi, beynəlxalq təcrübənin tətbiqi və vətəndaşların məlumatlandırılması istiqamətində tədbirlərin gücləndirilməsi vacibdir".