"Azərkosmos": "Azersky-2" peykini orbitə öz mühəndislərimizin buraxmasını istəyirik
- 20 noyabr, 2026
- 11:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Xaricdə təlimlər keçən azərbaycanlı mühəndislər ölkəyə qayıtdıqdan sonra "Azersky-2" peykini orbitə çıxaracaqlar.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov Xəzər Universitetində "Dünya Məktəbi" peyk layihəsinin açılış tədbirində bildirib.
Onun sözlərinə görə, bu gün "Azərkosmos" Azərbaycanda milli peyklərin hazırlanması üçün layihə icra edir: "Hazırda bir sıra mühəndislərimiz xaricdə bununla bağlı təlim keçirlər. Onlar bir neçə il sonra Azərbaycana qayıtdıqdan sonra "Azersky-2" peykimizi orbitə çıxaracaqlar. Düşünürəm ki, 10, 15 ildən sonra həmin komandada bu gün zalda oturmuş məktəblilərdən biri də olacaq".
D.Bədirxanov qeyd edib ki, hazırda peykin ölçüsü deyil, onun gətirdiyi dəyər, ona qoyulan texnologiya əhəmiyyətlidir: "Peyk nə qədər kiçikdirsə, onun hazırlanmasında daha müasir texnologiyalardan istifadə edilir. Bu peyklər vasitəsilə dünyada çox vacib çağırışları, vacib məsələləri həll etmək olar. Peyk orbitə çıxarılandan sonra ordan gələn məlumatların Azərbaycana, dünyaya necə fayda verdiyinin şahidi olacaqsınız. Bir il ərzində bir çox təlimlər olacaq. Sonra öz ideyalarınızı tətbiq edəcəksiniz, real peyk modeli üzərində çalışacaqsınız, onu quracaqsınız və sonda qurduğunuz modellərdən biri orbitə çıxarılacaq".
"Azərkosmos"un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya və Dünya Məktəbinin əməkdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində şagirdlər "PocketQube 1P" formatlı piko-peykin layihələndirilməsi, hazırlanması, sınaqdan keçirilməsi və orbitdən əldə ediləcək məlumatlarla işləmək imkanı qazanacaqlar.
Layihə Braziliyanın "IDEIA Space" şirkətinin beynəlxalq texniki tərəfdaşlığı ilə həyata keçiriləcək.