Azərbaycanda FinCERT-in iqtisadiyyatın bir çox sektorlarına inteqrasiyası planlaşdırılır

İKT
  • 09 oktyabr, 2025
  • 16:57
Azərbaycanda FinCERT-in iqtisadiyyatın bir çox sektorlarına inteqrasiyası planlaşdırılır

Azərbaycanda FinCERT (Kredit-maliyyə sahəsində kompüter hücumlarının monitorinqi və mübarizə Mərkəzi) sisteminin təkcə maliyyə sektoruna deyil, həm də iqtisadiyyatın digər əsas sektorlarına inteqrasiyası planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlı "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində təşkil olunmuş konfransda bildirib.

Onun sözlərinə görə, bu, kiberinsidentlər barədə məlumatların operativ mübadiləsinə və ölkənin kiberdavamlılıq səviyyəsinin artırılmasına imkan verəcək.

AMB rəsmisi qeyd edib ki, qurumda FinCERT funksiyası yaradılıb və hazırda onun mərhələli şəkildə formalaşması prosesi davam edir.

"Bu funksional gələcəkdə bizə nə verəcək? Əgər hansısa bankda kiberinsident baş verərsə, bu, yalnız bir bankın problemi olmayacaq. Bizə insidentlə bağlı məlumat verildiyi zaman onu təhlil edir və anonim şəkildə bütün banklara məlumat ötürürük", - E.Eyvazlı qeyd edib.

O dəqiqləşdirib ki, söhbət xüsusilə zərərli IP ünvanlarından, hücum mənbələrindən və digər komprometasiya indikatorundan (IOC) gedir.

"Oxşar mexanizm antifraud sahəsində də mövcuddur: əgər dələduzluq halı qeydə alınırsa, bu barədə dərhal bütün maliyyə sistemində məlumat verilir və komandamız bu cür halların qarşısının alınması üçün tədbirlər görür. Eyni zamanda, FinCERT-in təkcə maliyyə strukturlarına deyil, həm də təhdid göstəriciləri və digər məlumatların mübadiləsinin nəzərdə tutulduğu digər sektorlarla inteqrasiyası planlaşdırılır", - AMB nümayəndəsi əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti