Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib

İKT
  • 05 noyabr, 2026
  • 10:09
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Özbəkistan rəqəmsal hökumət sahəsində əməkdaşlığın genişləndirilməsini, "myGov" platforması üzrə təcrübə mübadiləsi və birgə əməkdaşlıq imkanlarını müzakirə edib.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı müzakirələr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovla Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Ayubxon Sultanov arasında görüşdə aparılıb.

Məlumata görə, görüşdə süni intellekt agentləri əsasında rəqəmsal xidmətlərin inkişafı, həmçinin bu xidmətlər üçün nitqdən mətnə çevirmə modellərinin hazırlanması və tətbiqi üzrə mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Müzakirələr zamanı startap ekosisteminin inkişafı məsələlərinə də xüsusi diqqət yetirilib. Hər iki ölkənin İT parkları arasında əməkdaşlığın gücləndirilməsi, startapların qarşılıqlı bazarlara çıxış imkanlarının genişləndirilməsi və innovasiya ekosistemləri arasında əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.