Azərbaycan ABŞ-nin nüfuzlu elmi-tədqiqat mərkəzi ilə birgə layihələri müzakirə edib
- 08 oktyabr, 2025
- 17:12

Azərbaycan Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu elmi-tədqiqat mərkəzi "Caspian Policy Center"ə ilə birgə layihələr və analitik platformalar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Report"a verilən məlumata görə, müzakirələr nazir müavini Rəhman Hümmətovun Mərkəzin İdarə Heyətinin sədri Əfqan Nifti ilə görüşündə baş tutub.
Tərəflər həmçinin Xəzər regionunda nəqliyyat, enerji, rəqəmsallaşma, iqtisadi əməkdaşlıq və davamlı inkişaf məsələləri barədə fikir mübadiləsi aparıblar.
R. Hümmətov Orta Dəhlizin genişləndirilməsi istiqamətində həyata keçirilən infrastruktur və institusional islahatlar barədə ətraflı məlumat təqdim edib.
Nazir müavini qeyd edib ki, Azərbaycan regionda multimodal logistika mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atır. Rəqəmsal nəqliyyat sistemlərinin tətbiqi, liman, dəmir yolu və hava limanlarının modernləşdirilməsi, Zəngəzur dəhlizinin inkişafı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
R. Hümmətov, həmçinin "Caspian Policy Center"in Xəzər regionunda dayanıqlı inkişaf, enerji təhlükəsizliyi və regional sabitliyin təşviqi sahəsində apardığı tədqiqat və təşəbbüsləri yüksək qiymətləndirib.