“ASAN imza”nın Avstraliyada tanınması ilə bağlı müzakirələr aparılıb

İKT
  • 28 avqust, 2018
  • 10:43
“ASAN imza”nın Avstraliyada tanınması ilə bağlı müzakirələr aparılıb

Bakı. 28 avqust. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı”nın (“Digital Trade Hub of Azerbaijan”) ölkədən kənarda tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə "Report"a İİTKM-dən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi imkanının yaradılmasını ilə bağlı müvafiq işlər görülür. “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” operatoru kimi İİTKM bu prosesə öz töhfəsini verir və diplomatik korpuslarla əməkdaşlığı dərinləşdirir.

İİTKM-in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn də bu məqsədlə Avstraliya İttifaqının paytaxtı. Kanberrada Azərbaycanın Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyadakı Səfirliyinin rəsmisi ilə görüşüb. Müvəqqəti işlər vəkili Elcan Həbibzadə Avstraliyada elektron imza, o cümlədən “ASAN imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi ilə bağlı Avstraliya dövlətinin Rəqəmsal Transformasiya Agentliyi (DigitalTransformationAgency) ilə müvafiq müzakirələr keçirdiyini bildirib. O, vurğulayıb ki, Avstraliya ilə bu sahədə əməkdaşlıq imkanları araşdırılır.

Həmçinin müvəqqəti işlər vəkili qeyd edib ki, qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi qaydası barədə məlumatlar ingilis dilinə tərcümə edilərək səfirliyin internet informasiya ehtiyatlarında yerləşdirilib və bu barədə mütəmadi olaraq təbliğat-təşviqat tədbirləri həyata keçirilir.

Müvafiq proseduralar tam yekunlaşdıqdan sonra isə xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsi təmin ediləcək.