Andres Oyaver: "Dövlət qurumları süni intellektin istifadəsini sərt tənzimləməlidir"

İKT
  • 20 oktyabr, 2026
  • 12:36
Andres Oyaver: Dövlət qurumları süni intellektin istifadəsini sərt tənzimləməlidir

Dövlət qurumları tərəfindən ilkin risk analizi aparılmadan süni intellekt texnologiyalarının tətbiqi fərdi məlumatların və məxfi informasiyanın qorunması sahəsində ciddi və genişmiqyaslı pozuntulara gətirib çıxara bilər.

"Report" xəbər verir ki, bu barədə "Hedman" şirkətinin məlumatların məxfiliyi üzrə hüquqi məsləhətçisi, Tallin Texniki Universitetində süni intellekt və fərdi məlumatların qorunması mövzuları üzrə mühazirəçi Andres Oyaver Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə, "Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi" layihəsi çərçivəsində Bakıda keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.

"İnsan səhvə yol verdikdə, o, bunu böyük sürətlə və əhəmiyyətli miqyasda edə bilmir. Lakin süni intellekt texnologiyaları bu cür yanlışlıqları dəfələrlə gücləndirir ki, bu da vəziyyət üzərində nəzarətin tamamilə itirilməsi təhlükəsi yaradır", - o vurğulayıb.

Ekspertin bildirib ki, süni intellekt sistemlərinin dövlət sektorunun işinə inteqrasiyası zamanı kibertəhlükəsizliyin təmin edilməsi, fərdi məlumatlar haqqında qanunvericiliyin tələblərinin yerinə yetirilməsi, məxfiliyin qorunub saxlanılması vəzifələri, eləcə də dövlət satınalmaları və təşkilati məsuliyyətin bölüşdürülməsi ilə bağlı məsələlər ön plana çıxır.

Mütəxəssis vurğulayıb ki, süni intellekt məlumatların qorunması sahəsində fundamental hüquqi prinsipləri dəyişdirmir, lakin onların kütləvi şəkildə pozulması üçün zəmin yaradır. O, proqram məhsullarının tərtibatçıları və təchizatçıları ilə müqavilə münasibətlərinin ciddi şəkildə tənzimlənməsinin zəruriliyinə xüsusi diqqət yetirib.

A.Oyaver hesab edir ki, dövlət idarələri müqavilələrin imzalanması mərhələsində məlumatların emalı yerini dəqiq qeyd etməli, həmçinin İT-podratçısı dəyişdirildiyi təqdirdə məlumatların ötürülməsi və məhv edilməsi qaydasını müəyyənləşdirməlidirlər: "Əks halda mümkün insidentlər və sızmalara görə tam məsuliyyət birbaşa dövlət qurumunun üzərinə düşür".

Bundan əlavə, ekspert bildirib ki, süni intellekt sistemlərinin inteqrasiyası yeni "hücum səthi" formalaşdırır və bu da müvafiq idarələrdən texniki və informasiya mühafizəsi tədbirlərini daim gücləndirməyi tələb edir.

44 filmi