Afrikanın 20-yə yaxın ölkəsi Azərbaycanın rəqəmsal məhsullarına maraq göstərir
- 11 fevral, 2026
- 11:20
Azərbaycanın rəqəmsal dövlət məhsulları beynəlxalq bazarlarda, xüsusilə Afrika ölkələrində böyük maraqla qarşılanır.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) kommersiya üzrə baş direktoru Salar İmaməliyev Bakıda keçirilən "Azərbaycan-Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" forumunda deyib.
Onun sözlərinə görə, yerli innovativ məhsulların və texnoloji həllərin beynəlxalq bazarlara ixracı qurumun əsas fəaliyyət istiqamətlərindən biridir: "Azərbaycanın rəqəmsal transformasiya sahəsində topladığı praktik təcrübəni beynəlxalq müstəviyə təqdim etmək artıq real nəticələr verən strateji istiqamətə çevrilib".
S.İmaməliyev qeyd edib ki, indiyədək Afrikanın müxtəlif ölkələrindən 50-dən çox xarici nümayəndənin iştirakı ilə təqdimat sessiyaları təşkil olunub: "Bu görüşlərdə Azərbaycanın qabaqcıl rəqəmsal həlləri – "mygov", "mygov ID", rəqəmsal sənəd dövriyyəsi sistemləri və "Digital Bridge" platforması təqdim edilib".
Baş direktor söyləyib ki, bu həllər Afrika ölkələri tərəfindən böyük maraqla qarşılanıb və hazırda 18-dən çox ölkə ilə platformaların adaptasiyası və pilot layihələrin həyata keçirilməsi istiqamətində danışıqlar davam edir.
O vurğulayıb ki, Türkiyə şirkətləri ilə qurulan əməkdaşlıqlar Azərbaycanın rəqəmsal məhsullarının regional və qlobal bazarlarda mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynayır: "Forum çərçivəsində keçirilən B2B və B2G görüşlər yeni biznes təşəbbüslərinin, birgə layihələrin və konkret əməkdaşlığın əsasını qoyacaq. Əminik ki, bu platforma uzunmüddətli və strateji tərəfdaşlıqların başlanğıcı olacaq".