Rəşid Məmmədəliyev: "İstəyərəm ki, bürünc medalı qızıl medalla əvəzləyim"

İdman
  • 06 oktyabr, 2026
  • 19:44
Rəşid Məmmədəliyev: İstəyərəm ki, bürünc medalı qızıl medalla əvəzləyim

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevin əsas məqsədi gələcək yarışlarda qızıl medal əldə etməkdir.

"Report" xəbər verir ki, cüdoçu bunu bürünc medal uğrunda görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

73 kq çəki dərəcəsində yarışan idmançı çempionatdan əvvəl komanda ilə böyük işlər görüldüyünü bildirib:

"Mötəbər yarışdan öncə komanda ilə birlikdə böyük işlər görmüşdük. Çempionata kifayət qədər yaxşı hazırlaşmışdıq. Ölkəmizdə və xaricdə təlim-məşq toplanışları təşkil olundu. Rəhbərlik, məşqçilər heyəti, həkimlər və komanda yoldaşlarım işini vicdanla gördü. Bunun nəticəsidir ki, 60 kq çəki dərəcəsində qızıl, 73 kq-da isə bürünc medala yiyələndik. Növbəti yarışlarda da yığmaya uğurlar arzulayıram".

R.Məmmədəliyev fiziki hazırlığından və mübarizə əzmindən söz açıb:

"İlk medalımı 2019-cu ildə qazanmışam. Ondan sonra inamım daha da artdı. Fikirləşdim ki, bir dəfə alınıbsa, yenə də uğur qazanmaq olar. Üstün cəhətlərimdən biri "Golden score"da mübarizə aparmaqdır. Çünki uşaqlıqdan gec yoruluram".

Yat Olimpiya Oyunları və gələcək hədəflərindən danışan idmançı bürünc medalı qızıla dəyişmək istədiyini vurğulayıb:

"İstəyərəm ki, bürünc medalı ilk növbədə qızıl medalla əvəzləyim. Olimpiadaya da daha yaxşı hazırlaşmağa çalışacağam. Hədəfim hər cəhətdən daim inkişaf etməkdir. İnkişaf etsəm, qızıl medal da gələcək".

Cüdoçu ona dəstək olan hər kəsə minnətdarlıq ifadə edib:

"Qələbəni bir və ya iki nəfərin adına bağlamaq yanlış olar. Bütün tribunalar, doğmalarım və tanışlarım mənə dəstək göstərirdi. Həm qələbə, həm də məğlubiyyət anlarında yanımda olan hər kəsə təşəkkür edirəm".

O, oğlunun da gələcəkdə idmançı olmasını arzuladığını deyib:

"İstəyərdim ki, oğlum da cüdoçu olsun. Çünki keçilmiş yolla getmək daha rahatdır. Oğlumu özüm hazırlaşdırmaq, gələcəkdə onun Avropa, dünya və olimpiya çempionu olmasını görmək istərdim".

44 - Tezliklə