Şəhid Cavidan Bədəlov İsmayıllıda torpağa tapşırılıb - YENİLƏNİB

Hərbi
  • 14 sentyabr, 2022
  • 07:56
Şəhid Cavidan Bədəlov İsmayıllıda torpağa tapşırılıb - YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Bədəlov Cavidan Zaur oğlu İsmayıllıda dəfn edilib.

“Report”un məlumatına görə, şəhid doğulub boya-başa çatdığı rayonunun Talıstan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində C.Bədəlovun ailə üzvləri, yaxınları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. C.Bədəlov düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.

09.54

Şəhid Bədəlov Cavidan Zaur oğlunun cənazəsi ailəsinə təhvil verilib.

“Report”un məlumatına görə, şəhidin cənazəsi səhər saatlarında doğulduğu İsmayıllı rayonunun Talıstan kəndinə gətirilib.

1996-cı il təvvəllüdlü C.Bədəlov günorta saatlarında ailəsinin istəyi ilə kənd qəbiristanlığında torpağa tapşırılacaq.