Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətləri "İpək Yolu" bəyannaməsini imzalayıblar
- 11 noyabr, 2026
- 15:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətləri Antalyada COP31 çərçivəsində iqlim dəyişikliyi şəraitində əhalinin mobilliyi haqqında "İpək Yolu" bəyannaməsini imzalayıblar.
"Report" Özbəkistan Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitəsinə istinadən xəbər verir ki, sənəd Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) dəstəyi ilə keçirilən yüksək səviyyəli tədbirdə imzalanıb.
Tədbirdə Özbəkistan Prezidentinin ekologiya məsələləri üzrə müşaviri, Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitənin sədri Aziz Abduxakimov, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın nazirləri və yüksək vəzifəli nümayəndələri, BMqT-nin iqlim fəaliyyəti üzrə direktoru Raniya Şarşr, eləcə də beynəlxalq təşkilatların və inkişaf üzrə tərəfdaşların nümayəndələri iştirak ediblər.
"İpək Yolu" bəyannaməsi iqlimlə əlaqədar miqrasiya və əhalinin yerdəyişməsi məsələlərində regional dialoqun və fəaliyyətlərin koordinasiyasının gücləndirilməsinə, həssas icmaların dayanıqlığının artırılmasına və hər bir ölkənin milli prioritetləri nəzərə alınmaqla iqlim dəyişikliyinin fəsadlarına reaksiya vermək üçün birgə yanaşmaların işlənib hazırlanmasına yönəlib.
Əsas diqqət iqlim dəyişikliklərinin əhalinin mobilliyinə, dolanışıq mənbələrinə və yerli icmaların dayanıqlığına təsirinə yönəldilib. Temperaturun artması, buzlaqların əriməsi, su ehtiyatlarının çatışmazlığı, səhralaşma, torpaqların deqradasiyası və ekstremal hava hadisələrinin çoxalması Mərkəzi Asiya və Cənubi Qafqaz sakinləri üçün əlavə risklər yaradır, insanların məcburi yerdəyişməsinə və miqrasiya axınlarının dəyişməsinə səbəb ola bilər.
İştirakçılar vurğulayıblar ki, iqlim dayanıqlığının artırılması dayanıqlı dolanışıq mənbələrinə investisiyaların yatırılmasını, su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsini, ekosistemlərin bərpasını və sosial müdafiə mexanizmlərinin inkişafını tələb edir.
İştirakçılar Özbəkistan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasında təqdim edilmiş, iqlim mobilliyi sahəsində beynəlxalq əməkdaşlığın Qlobal Çərçivə Əsasının hazırlanması təşəbbüsünə xüsusi diqqət yetiriblər. Regional bəyannamə bu təşəbbüsün təşviqinə, təcrübə mübadiləsinə və əhalinin mobilliyi məsələlərinin iqlim adaptasiyası üzrə milli planlara, fəlakət riskinin azaldılması və dayanıqlı inkişaf strategiyalarına inteqrasiyasına kömək etmək məqsədi daşıyır.