Azərbaycan və BƏƏ xüsusi təyinatlıları arasında hərbi əməkdaşlıq müzakirə edilib

Hərbi
  • 27 oktyabr, 2025
  • 15:13
Azərbaycan və BƏƏ xüsusi təyinatlıları arasında hərbi əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Bərlişmiş Ərəb Əmirliklərinin (BƏƏ) xüsusi təyinatlıları arasında hərbi əməkdaşlıq müzakirə olunub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, BƏƏ Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı briqada generalı Məhəmməd Səid Əl-Səlmi Azərbaycana səfərə gəlib. O, əvvəlcə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. Görüşdə iki ölkə arasında hərbi əlaqələrin də inkişaf etdiyi vurğulanıb, həmçinin maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Z.Həsənov qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Azərbaycanda keçirilən "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təliminin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Məhəmməd Səid Əl-Səlmi isə öz növbəsində Azərbaycanla BƏƏ Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin və birgə təlimlərin faydalarını diqqətə çatdırıb.

BƏƏ nümayəndə heyəti daha sonra XTQ-nin N hərbi hissəni ziyarət edib. Məhəmməd Səid Əl-Səlmi ilə görüşən Azərbaycan Ordusunun XTQ komandanı general-mayor Ələkbər Cahangirov hərbi əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıb, qonağa Azərbaycan XTQ-nin fəaliyyəti və döyüş hazırlığı barədə məlumat verib.

Tərəflər hər iki ölkənin xüsusi təyinatlılarının iştirakı ilə keçirilən birgə təlimlərinin hərbi qulluqçuların peşəkarlığının daha da artırılmasına töhfə verdiyini qeyd edib və bu kimi manevrlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti