“Zaminbank”ın keçmiş filial müdirinin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb
- 21 aprel, 2017
- 13:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəfin nümayəndələri vəsatətlə çıxış ediblər.
Vəkillər təkrarən mühasibatlıq ekspertizasının təyin edilməsini istəyiblər.
Vəsatət təmin olunmayıb.
Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib.
Dövlət ittihamçısı isə çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası mayın 5-də keçiriləcək.
Qeyd edək ki, “Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş M.Bayramov və digərləri sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdarda - 41 min 300 manat pulu mənimsəməkdə təqsirli bilinir.
O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
M.Bayramovdan başqa 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilməyib.