Səməd Bəşirli: "İnsan kapitalı və innovasiyalar Azərbaycan-İspaniya əməkdaşlığında yeni istiqamətdir"

Biznes
  • 27 oktyabr, 2026
  • 16:47
Səməd Bəşirli: İnsan kapitalı və innovasiyalar Azərbaycan-İspaniya əməkdaşlığında yeni istiqamətdir

İnsan kapitalı və innovasiyalar Azərbaycan-İspaniya əməkdaşlığının yeni istiqamətinə çevrilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ADA Universitetində İqtisadiyyat və Elm və Təhsil nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji tərəfdaşlığı ilə yaradılan İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin açılışında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və İspaniya ticarət, investisiya, energetika, telekommunikasiya və infrastruktur sahələrində güclü tərəfdaşlıq qurub: "Təhsil isə bu əməkdaşlığın yeni istiqamətinə çevrilib. Ölkələrimizin ən yüksək səviyyədə müəyyən etdiyi prioritetlərdən biri də tərəfdaşlığın təhsil sahəsində genişləndirilməsidir. Süni İntellekt Mərkəzinin (AI Hub) yaradılması bu istiqamətdə atılan praktiki addımdır. Mərkəzin yaradılmasına aprel ayında başlanılıb. Sentyabrda Bakıda Azərbaycan MBA proqramının açılış mərasimi keçirilib. Bu gün isə mərkəz təhsil və tədqiqat sahələrini əhatə edən daha geniş fəaliyyət mandatı ilə açılır. Bu mühüm əməkdaşlığa görə ADA Universitetinə, "PAŞA Holdinq"ə, SOCAR-a, Elm və Təhsil Nazirliyinə və digər universitetlərə təşəkkürümü bildirmək istərdim".

"Biz bu mərkəzi süni intellektin qlobal iqtisadiyyatda genişmiqyaslı tətbiq olunduğu bir dövrdə açırıq. Belə bir şəraitdə əsas məsələ texnologiyanı məhsuldarlığa çevirmək bacarığıdır. Bu isə ilk növbədə liderlikdən və institusional potensialdan asılıdır. "Azərbaycan 2030" strategiyasının beş milli prioritetindən biri rəqabətədavamlı insan kapitalının inkişafına və müasir innovasiyalar üçün əlverişli mühitin yaradılmasına yönəlib. İnsan kapitalı və bacarıqların inkişafı dövlət proqramlarımızın və strategiyalarımızın da əsas istiqamətlərindəndir", - deyə nazir müavini əlavə edib.

Bundan başqa, o deyib ki, Azərbaycan iqtisadiyyatında daha yüksək əlavə dəyər yaradılması hədəflənir: "İqtisadiyyatın şaxələndirilməsi istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edib. Növbəti məqsədimiz yalnız daha çox mal və xidmət istehsal etmək deyil, həm də iqtisadiyyatın mürəkkəbliyini artırmaq və daha yüksək əlavə dəyər yaratmaqdır. Yeni sənaye sahələrini inkişaf etdirmək üçün müasir texnologiyaları mənimsəyə, səmərəliliyi artıra və məhsuldarlığı yüksəldə bilən kadrlara ehtiyacımız var. Məqsədimiz rəqəmsal bacarıqlara malik, dəyişən şəraitə uyğunlaşan və qlobal miqyasda rəqabətədavamlı işçi qüvvəsi formalaşdırmaqdır. Bunun üçün süni intellekt, məlumat elmləri (Data Science), kibertəhlükəsizlik və texnologiyalardan səmərəli istifadə sahələrində mövcud bacarıq boşluqlarını aradan qaldırmalıyıq".

44 filmi