Zahirəddin İbrahimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb
- 21 noyabr, 2025
- 17:14
Üçüncü ölkənin ərazisində məskunlaşıb digər ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan Respublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi tədbirlərlə Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş 1954-cü il təvəllüdlü Zahirəddin İbrahimov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
"Report" xəbər verir ki, bu barədə Səbail rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb və məhkəmənin qərarı ilə Zahirəddin İbrahimovun həbs müddəti 5 ay müddətinə uzadılıb.
Qeyd edək ki, Zahirəddin İbrahimov DTX-də başlanılmış cinayət işi üzrə bu ilin mart ayında həbs edilib.
Müəyyən edilib ki, Zahirəddin İbrahimov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirmiş, genişmiqyaslı destruktiv separatçı təşkilatlanma işi aparıb.
Ona AR Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.
Xatırladaq ki, Azərbaycandakı etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri kimi təqdim edilən Zahirəddin İbrahimov Yekaterinburq şəhərində yaşayıb, illər ərzində Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə Azərbaycan əleyhinə çıxışlar edib.
O, 2005-2020-ci illərdə Ermənistanda keçirilmiş qondarma konfranslarda Azərbaycan Respublikasının əleyhinə saxta ittihamlar səsləndirib qərəzli bəyanatlar verib, Azərbaycanda separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib.