Bakıda 76 yaşlı qadını döyərək qızıl boyunbağısını alan şəxslərin məhkəməsində şahidlər dindiriliblər

Hadisə
  • 23 yanvar, 2019
  • 09:52
Bakıda 76 yaşlı qadını döyərək qızıl boyunbağısını alan şəxslərin məhkəməsində şahidlər dindiriliblər
Report

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində 76 yaşlı qadını döyərək 2000 manatlıq qızıl boyunbağısını ələ keçirən İlkin Məlikov və Kamran Gəncimaliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Şahbala Tağızadə ifadə verib.

O bildirib ki, oğlu ona zəng edərək mağazaya bir müştərinin qızıl gətirdiyini deyib: "Qızıla baxdım və 1635 manat qiymət qoydum. Əvvəlcə razılaşmadı, sonradan razı oldu. Bir neçə saat sonra Binəqədi rayon Polis idarəsinin polisləri gəldi. Mən də qızılı onlara təhvil verdim. Qızılı alanda sənədləşmə etmişdim. Onu da polisə təqdim elədim".

Ş.Tağızada qeyd edib ki, təqsirləndirilən şəxsin qaytardığı 1635 manat puldan 35 manat xərclənmişdi.

Daha sonra digər şahid Zaur Balazadə dindirilib.

O, zərərçəkmiş Solmaz Fətullayevanın qonşusu olduğunu deyib. Z.Balazadənin sözlərinə görə, zərərçəkmiş qadının həyətindən səs gəldiyi üçün ora gedib: "Solmaz xanım qan içində idi. Kömək elədim, ailə üzvlərinə xəbər elədim. O, başına taxta ilə vurulub, boğazından qızıl boyunbağısının aparıldığını söylədi".

Təqsirləndirilən şəxslər növbəti məhkəmə iclasında ifadə verəcəklərini deyiblər.

Məhkəmənin növbət iclası yanvarın 30-na təyin edilib.

Qeyd edək ki, ötən ilin sentyabrın 20-də Binəqədi rayonu Novxanı bağlar sahəsində yerləşən evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı qadın Solmaz Fətullayevanın başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağısını götürüblər.

Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İ.Məlikovun qohumudur. O, dostu K.Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər.

44 filmi