Ukrayna deputatın döyülməsində şübhəli bilinən şəxsin Azərbaycandan ekstradisiyasını istəyəcək

Hadisə
  • 07 may, 2018
  • 06:23
Ukrayna deputatın döyülməsində şübhəli bilinən şəxsin Azərbaycandan ekstradisiyasını istəyəcək

Bakı. 7 may. REPORT.AZ/ Ukrayna Baş Prokurorluğu ukraynalı deputat Mustafa Nayyemi döyməkdə şübhəli bilinən Maqomed-Əmin Saitovun ekstradisiya edilməsi xahişi ilə yaxın günlərdə Azərbaycana müraciət etməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "112 Ukrayna" telekanalının efirində Ukraynanın baş prokurorunun müavini Yevgeni Yenin bildirib.

Onun sözlərinə görə, hazırda Baş Prokurorluq M.Saitovun ekstradisiyası məsələsini nəzərdən keçirir və azərbaycanlı həmkarları ilə sıx əlaqə saxlayır.

O, belə proseslərin, bir qayda olaraq, bir neçə ay davam etdiyini vurğulayıb.

Xatırladaq ki, bu il aprelin 30-da Kiyevdəki Bessarabskaya meydanında bir neçə nəfər xalq deputatı Mustafa Nayyemi döyüb. Daha sonra hüquq-mühafizə orqanları əməkdaşları üç nəfəri saxlayıb.

Xuliqanlıq və qəsdən orta ağırlıqlı bədən xəsarətlərinin yetirilməsi maddələri üzrə cinayət işi başlanıb. Prokurorluğun məlumatına görə, hücum edənlərdən biri - Maqomed-Əmin Saitov hadisədən 2 saat sonra Bakıya uçub. Polis onu axtarışa verib.

Mayın 5-də isə M.Saitov Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.