Tbilisidə “Soyqırımı hadisələri müasir elmi araşdırmalarda" mövzusunda Beynəlxalq konfrans keçirilib

Hadisə
  • 26 aprel, 2018
  • 12:36
Tbilisidə “Soyqırımı hadisələri müasir elmi araşdırmalarda mövzusunda Beynəlxalq konfrans keçirilib

Tbilisi. 26 aprel. REPORT. AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə Tbilisidə “Soyqırımı hadisələri müasir elmi araşdırmalarda" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, konfrans Azərbaycan Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamı çərçivəsində Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstan Milli Elmlər Akademiyasının dəstəyi ilə təşkil olunub.

Tədbirdən əvvəl konfrans iştirakçıları Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin büstünü ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.

Muzeyin direktoru Leyla Əliyeva tədbiri açaraq 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyalar barədə məlumat verib.

Sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək 100 il əvvəl – 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqının başına gətirilən dəhşətli faciə haqqında danışıb, Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakinin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirildiyini, yaşayış məntəqələrinin dağıdıldığını, mədəniyyət abidələri, məscid və qəbiristanlıqların yerlə-yeksan edildiyini vurğulayıb. Bildirilib ki, həmin günlərdə daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıq nümayiş etdirib, azğınlaşan erməni millətçiləri Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də kütləvi qətllər, talanlar törədiblər.

D.Həsənov 31 mart soyqırımına ulu öndər Heydər Əliyevin səyi nəticəsində hüquqi-siyasi qiymət verildiyini, ümummilli liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin sərəncamına əsasən, dünyanın bir çox ölkəsində soyqırımı qurbanlarının xatirəsinin anıldığını, mövzu ilə əlaqədar elmi-praktiki konfrans və digər tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova Fondun icraçı direktoru Oktay Səmədovun konfrans iştirakçılarına ünvanlandığı məktubu oxuyub.

Sonra Gürcüstanın Milli Müdafiə Akademiyasının baş instruktoru, tarix elmləri doktoru, akademik Şadiman Bidzadze “Soyqırım hadisələri (1918-1920)”, Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev “1918-ci ildə azərbaycanlıların soyqırımının səbəbləri”, tarixçi alim, professor Badri Qoquadze “Azərbaycanlıların soyqırımının 100-cü ildönümü”, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov “Bakı və Gəncə quberniyalarında azərbaycanlıların soyqırımı”, səfirliyin məsul əməkdaşı Fəxri Hacıyev “Azərbaycanlıların soyqırımı gürcü mənbələrində”, “Gürcüstan-Azərbaycan Dostluq Fondu”nun icraçı direktoru Simon Kopadze “1918-ci il azərbaycanlıların soyqırımı”, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva “1918-ci il azərbaycanlıların soyqırımı mətbuatda”, “Art Paralel” Televiziya şirkətinin sədri, politoloq Tenqiz Txilava “Soyqırımın 100-cü ildönümü”, Bilik Fondunun sektor müdiri Hacı Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis dövrü fəaliyyəti”, Gürcüstan Marneuli rayonu Sadaxlı kənd orta məktəbinin direktoru Adil Şərifov “Gürcüstan azərbaycanlıları 1918-ci il soyqırımının kədərini bölüşürlər”, Gürcüstan Müharibə Veteranları Cəmiyyətinin sədri Qəhrəman Musayev “Azərbaycanlıların soyqırımı” soyqırım dəhşətlərini açıqlayan faktlarla zəngin məruzələrlə çıxış ediblər.

Müzakirələrdən sonra Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə soyqırım həqiqətlərini özündə əks etdirən elmi-kütləvi ədəbiyyat nümunələri hədiyyə edilib.

Tədbirdə Türkiyənin Gürcüstandakı səfiro Fatma Geren Yazgen, Gurcüstanın elm xadimləri, ictimaiyyət numayəndələri, tələbələr iştirak ediblər.