Bərabərhüquqluluq, suverenliyə hörmət Azərbaycanın beynəlxalq münasibətlərdə yanaşmasının təməlini təşkil edir - rəy

Xarici siyasət
  • 16 oktyabr, 2026
  • 11:33
Bərabərhüquqluluq, suverenliyə hörmət Azərbaycanın beynəlxalq münasibətlərdə yanaşmasının təməlini təşkil edir - rəy

Bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, suverenliyə və ərazi bütövlüyünə hörmət Azərbaycanın beynəlxalq münasibətlər sisteminə yanaşmasının təməlini təşkil edir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyini, müstəqil xarici siyasət kursunu və regional təhlükəsizliyin təmin olunmasına yanaşmasını əks etdirən mühüm siyasi mesajlarla zəngin idi.

Mehriban Vəliyeva bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində əsas problemlərdən biri beynəlxalq hüququn norma və prinsiplərinin seçici şəkildə tətbiq olunmasıdır:

"Eyni hüquqi meyarların müxtəlif dövlətlərə münasibətdə fərqli şəkildə tətbiqi beynəlxalq institutlara etimadı zəiflədir, münaqişələrin həllini çətinləşdirir və təcavüzkar tərəfin məsuliyyətdən yayınmasına şərait yaradır. Beynəlxalq hüquq yalnız müəyyən dövlətlərin maraqlarına uyğun gələndə xatırlanan siyasi vasitəyə çevrilməməli, bütün ölkələrə münasibətdə eyni prinsipiallıqla tətbiq edilməlidir. Etimadın möhkəmləndirilməsi, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinin qorunması davamlı siyasi iradə tələb edir. Prezident İlham Əliyevin sülhün kövrəkliyinə diqqət çəkməsi bu prosesin ardıcıl və məsuliyyətli yanaşma əsasında davam etdirilməsinin vacibliyini göstərir".

Mehriban Vəliyeva
O deyib ki, Prezidentin çıxışının mühüm istiqamətlərindən biri də beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edən mexanizmlərin gücləndirilməsi məsələsi idi:

"Bu problem təkcə Azərbaycan-Ermənistan münaqişəsinə aid deyil. Müasir dünyada müxtəlif regionlarda baş verən silahlı qarşıdurmalar, ərazi iddiaları və humanitar böhranlar göstərir ki, beynəlxalq hüququn effektivliyi onun müddəalarının qəbul edilməsi ilə deyil, real həyatda icrası ilə ölçülür. BMT Təhlükəsizlik Şurasının qərarları və digər beynəlxalq institutların qətnamələri icra mexanizmləri ilə dəstəklənmədikdə, hüquqi normalarla siyasi reallıq arasında ciddi uçurum yaranır. Bu isə beynəlxalq sistemdə ikili standartların dərinləşməsinə və dövlətlərin beynəlxalq institutlara etimadının zəifləməsinə səbəb olur. Avropa Parlamentinin və Avropa Şurasının Azərbaycana münasibətinin tənqidi də məhz bu kontekstdə qiymətləndirilməlidir".

Dövlətlərə və münaqişələrə münasibətdə selektiv yanaşmaların nümayiş etdirilməsinin beynəlxalq münasibətlərdə obyektivlik və ədalət prinsipləri ilə uzlaşmadığını deyəb deputat deyib ki, beynəlxalq təşkilatların etibarlılığı onların yalnız siyasi mövqeləri bölüşən tərəfləri müdafiə etməsi ilə deyil, hüququn tələblərini hamıya eyni şəkildə tətbiq etməsi ilə müəyyən olunur.

"Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq münasibətlərdə siyasi maraqlar hüquqi prinsipləri üstələməməli, dövlətlərin suverenliyi və ərazi bütövlüyü universal meyar kimi qorunmalıdır".