Şirkətin gübrələrini sataraq 250 min manatlıq mənimsədə təqsirləndirilən şəxsə 6,5 il həbs cəzası verilib

Hadisə
  • 27 noyabr, 2026
  • 14:03
Şirkətin gübrələrini sataraq 250 min manatlıq mənimsədə təqsirləndirilən şəxsə 6,5 il həbs cəzası verilib

"Agricola MMC"yə məxsus gübrələri sataraq oradan əldə olunan 249 min 703 manat pulu mənimsəməkdə təqsirləndirilən həmin MMC-nin Beyləqan rayonu üzrə satış müdiri vəzifəsində işləmiş Mobil Həsən oğlu Əhmədov 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Həmçinin hökmlə iş üzrə dəymiş ziyan təqsirləndirilən şəxsdən tutularaq "Agricola MMC"yə ödənilməsi qərara alınıb.

İttihama əsasən, Mobil Əhmədov "Agricola MMC"nin Beyləqan rayonu üzrə regional satış müdiri vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edərək şirkətə məxsus külli miqdarda vəsaiti mənimsəyib.

Belə ki, o, 2023–2024-cü illər ərzində müqavilə və təhvil-təslim sənədləri əsasında cəmiyyətin Kürdəmir rayonundakı anbarından Beyləqandakı satış məntəqəsinə göndərilən müxtəlif markalı mineral gübrələri 45 dəfəyə təhvil alıb.

Təqsirləndirilən şəxs həmin gübrələri rayon ərazisində satsa da, əldə olunan vəsaiti şirkətə tam ödəməyib. Nəticədə o, 2025-ci ilədək ödənilmiş məbləğ çıxılmaqla, şirkətə məxsus 249 min 703 manat pulu şəxsi ehtiyaclarına sərf edərək mənimsəyib.

Cinayət işi üzrə zərərçəkən qismində sözügedən şirkət tanınıb.

Mobil Əhmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.

44 filmi