Saatlı Rayon Təhsil Şöbəsinin keçmiş müdirinin kassasiya şikayəti təmin edilməyib

Hadisə
  • 30 oktyabr, 2018
  • 05:12
Saatlı Rayon Təhsil Şöbəsinin keçmiş müdirinin kassasiya şikayəti təmin edilməyib
Report

Bakı. 30 oktyabr. REPORT.AZ/ Ali Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Saatlı Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Şamil Nurəliyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ş.Nurəliyevin kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, Ş.Nurəliyev 07 mart 2001-ci il tarixdən 21 sentyabr 2015-ci il tarixədək Saatlı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib.

Belə ki, o, rəhbəri olduğu təhsil şöbəsinin tabeçiliyində olan orta ümumtəhsil məktəblərində işə qəbul olunmaq üçün ona müraciət etmiş bir neçə şəxsi qanunsuz olaraq hazırlanmış saxta rəsmi sənədlər əsasında işə qəbul edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Nurəliyev 6 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib. Ş.Nurəliyev daha sonra Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, Ş.Nurəliyev 2015-ci ildə vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiyi üçün Saatlı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad olunub.

44 - Tezliklə