Rəqəmsal rahatlıq, yoxsa kibertələ? – Süni intellektin hədəfindəki şərəf və ləyaqət

Hadisə
  • 26 fevral, 2026
  • 17:27
Rəqəmsal rahatlıq, yoxsa kibertələ? – Süni intellektin hədəfindəki şərəf və ləyaqət

Süni intellekt texnologiyasının sürətli inkişafı və əlçatanlığı geniş imkanlar yaratsa da, bəzi hallarda destruktiv məqsədlər üçün istifadə edilməsinə də rast gəlinir. Xüsusilə dipfeyk texnologiyası vasitəsilə insanların vizual görüntülərinin manipulyasiyası rəqəmsal dünyada şəxsi toxunulmazlıq və etik normaları təhlükə altına salır.

Təəssüf ki, bu kimi texnoloji sui-istifadə halları son günlər Azərbaycanın sosial şəbəkə seqmentində də özünü göstərməkdədir. Belə ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbə qızları sözügedən kiberzorakılıq halı ilə üzləşdiklərini, bu məsələnin narahatlıq səviyyəsini aşaraq ciddi təhlükə səviyyəsinə çatdığını ifadə ediblər.

Naməlum şəxslər tərəfindən yaradılan profillərdə tələbələrin şərəf və ləyaqətinin açıq şəkildə hədəfə alındığı görünür ki, bu da cəmiyyətdə ciddi rezonans doğurub.

Bu tip hesabların, əsasən, gecə saatlarında aktiv olduğu, həmin vaxt ərzində montaj edilmiş şəkil və videoların yayımlandığı, səhərə yaxın isə silindiyi qeyd olunur. Həmin səhifələrin sayının isə bir deyil, bir neçə olması və onların ardıcıl fəaliyyəti məsul şəxslərin müəyyən edilməsini və məsuliyyətə cəlb olunmasını çətinləşdirir.

Sözügedən problem, əlbəttə, birinci növbədə, rəqəmsal təhlükəsizlik və şəxsi toxunulmazlıq məsələlərini gündəmə gətirir. İnternet texnologiyaları və süni intellektin geniş fazalı və sürətli inkişafını nəzərə alsaq, bu təhlükəsizlik müəyyən ciddi maneələrlə rastlaşır və bu da özlüyündə kibercinayətkarlıqla mübarizənin vacibliyini bir daha ortaya qoyur. İndiyədək süni intellekt manipulyasiyaları daha çox maliyyə fırıldaqçılığı, bank kartlarına giriş və maddi maraqlara söykənən şantaj vasitəsi kimi istifadə olunurdu. Lakin bu mövzuda diqqətçəkən əsas məqamlardan biri odur ki, tələbə qızlar qarşı tərəfə saxta məzmunların silinməsi üçün pul təklif etdikdə naməlum şəxs və şəxslər bunu maddi məqsədlərlə etmədiklərini bildiriblər.

Bu fakt da özlüyündə bir sıra açıq suallar saxlayır. Əgər tələbə qızların şərəf və ləyaqətini hədəf alan saxta məzmunlu video və fotolar konkret pul tələb etmək, yəni şantaj məqsədilə edilmirsə, o zaman səbəb nədir?

Bu gün Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrinin üzləşdiyi problem mütləq şəkildə sabahkı digər bu səpkili problemlərdən, kibercinayətlərdən xəbər verir. Aydın məsələdir ki, müasir texnologiyanın hərtərəfli və sürətli inkişafı özü ilə bərabər heç vaxt qarşılaşmadığımız, mübarizə üsuluna bələd olmadığımız bir çox problemləri də gətirir.

Bəs belə olan halda, nə etməli, necə mübarizə aparılmalıdır?

Şübhəsiz, ortada kibercinayət faktoru varsa, ağla iki istiqamət gəlir: birinci, məsələnin hüququ həlli və araşdırılması, ikinci rəqəmsal həll və araşdırılma.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı polis orqanlarına müraciət daxil olub və həmin faktla bağlı hazırda araşdırmalar davam etdirilir.

Qeyd olunduğu kimi, ortada kibercinayət faktı var və məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır. Hər bir cinayətin qanunla müəyyən edilmiş cəzası olduğu kimi, bu əməli törədənlər də gec-tez hüquq qarşısında cavab verəcəklər. Lakin əsas məsələ budur: bu növ kiberproblemlər gələcəkdə daha da artarsa, – ki bu, çox real görünür, – biz özümüzü necə qorumalıyıq və hansı tədbirləri görməliyik?

Məsələ ilə əlaqədar "Report"a danışan "Yeni Texnologiyaların İnkişafına Dəstək" İctimai Birliyinin sədri Ceyhun Xəlilov qeyd edib ki, istifadəçilərin əksəriyyəti təhlükəsizlik qaydalarını bilmirlər.

"Hətta votsapda belə profil şəklinin skrin edilib-edilməməsini istifadəçilər özləri təyin edə bilərlər. Lakin əksər hallarda istifadəçilər öz şəxsi məlumatlarını tam olaraq qoruya bilmirlər. Məsələn, gənclər xaricə gedəndə pasportlarının, biletlərinin fotosunu paylaşırlar. Lakin bilmirlər ki, bu, təhlükəsizlik baxımından olduqca ciddi məsələdir, hakerlər üçün ilkin addımdır. Kibertəhlükəsizlik məsələsində, kibercinayətkarlağın özündə də mutasiya gedir. Çünki kibertəhlükəsizlik özü də bir institutdur, onunla mübarizə institusional olmalıdır. Bu mənada, süni intellekt elə bir inkişafdadır ki, onu bloklaya bilmərik", - o deyib.

Deməli, belə hallarla qarşılaşmamaqdan ötrü, birinci növbədə, bəsit texnoloji bilgiyə sahib olmaq lazımdır. Müasir texnologiya bizə onsuz da bu bilgini normal, sadə dillə izah edir: bütün növ proqramlarda onun təhlükəsizlik qaydaları ilə bağlı açıq və izahlı məlumatlar təqdim olunur. Bu məlumatlar sözügedən proqramla, texnologiya ilə davranışın əlifbasını özündə ehtiva edir. Əgər həmin əlifbanı istifadəçi yaxşı mənimsəyirsə, irəlidə hansısa bir kibertəhlükə ilə üzləşməsi ehtimalı azalır. Əlbəttə ki, bu belə tam təhlükəsizlik vəd etmir, sadəcə, ehtimalı azaldır.

Ekspert dünya təcrübəsindən nümunə gətirərək onu da bildirib ki, məsələn, Cənubi Koreyada süni intellektlə bağlı konkret qərarlar var:

"Belə ki, hər hansı bir məlumatdan istifadə ediləndə mütləq şəkildə mənbə olmalıdır. Bu olmasa, AI məlumatları əldə edə bilmir. Yəni Cənubi Koreya süni intellekt texnologiyasının sürətlə inkişaf etdiyi vaxtda hər şeyi insan nəzarətinə keçirib. Qanunvericilikdə hansısa bir əməl cinayət hesab olunmursa, ittiham irəli sürülə bilməz".

Ceyhun Xəlilov süni intellektin yarada biləcəyi təhlükəli tendensiyalara qarşı mübarizə təklifləri içərisində aidiyyəti qurumların gənclərlə "hackathon" yarışlarını keçirməsini də təklif edib.

Yəni biz dəyişən dünya, onun texnoloji inkişafı ilə mütləq şəkildə ayaqlaşmalı, texnoloji nailiyyətlərdən istifadədə geri qalmamalıyıq. Əgər bu kimi hallar hansısa bir neqativ yayınmalara, lap dəqiq desək, kibercinayətlərə də yol açırsa, bununla mübarizə həmin texnologiya və onun imkanlarının qadağası olmalı deyil. Burada, birinci növbədə, maarifləndirmə işləri önə çıxır. Bu mənada, aidiyyəti qurum və orqanların davamlı şəkildə maarifləndirmə işlərini aparması zəruridir.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrinin üzləşdiyi problem bir daha müasir texnologiya və xüsusilə süni intellektlə davranışa, onun gələcəkdə insanın həyat və təhlükəsizliyinə təsirini diqqət mərkəzinə gətirir. Bu hadisə göstərir ki, süni intellekt texnoloji yenilik kimi faydalılıq əmsalı yüksək bir anlayış olduğu kimi, həm də düzgün idarə olunmadıqda ciddi sosial və mənəvi fəsadlar törədə bilən böyük bir qüvvədir.

Beləliklə, bu və buna bənzər neqativ halları minimuma endirmək üçün müasir dövrün texnoloji tərəqqisindən imtina yox, bu risklərin aradan qaldırılması və mübarizə aparılması üçün maarifləndirmə və düzgün idarəçilik mexanizmlərinin təbliğatı əsas hədəf olmalıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti