Prokuror piyadanı vurub öldürən sürücüyə cəza istəyib

Hadisə
  • 11 aprel, 2019
  • 08:41
Prokuror piyadanı vurub öldürən sürücüyə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Həsənov Əli Bəhlul oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında onun 6 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Qeyd edək ki, ötən il dekabrın 9-da saat 22 radələrində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Həsənov Əli Bəhlul oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes-Benz E 220” markalı, 90-KS-784 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Ramana qəsəbəsində hərəkətdə olarkən piyada, 1954-cü il təvəllüdlü Məmmədov Bəhram İsmayıl oğlunu vurub, sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Daha sonra Ə.Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.